“Qərbi Azərbaycan: Tarixin izi ilə” layihəsi çərçivəsində Naxçıvanda gənclərlə görüş keçirilib
Qərbi Azərbaycan İcması (QAİ) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan: Tarixin izi ilə” layihəsi çərçivəsində növbəti məlumatlandırıcı sessiya oktyabrın 31-də Naxçıvan şəhərində keçirilib.
Görüş iştirakçılarını salamlayan
QAİ-nin Naxçıvan MR üzrə nümayəndəsi, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev mövzunun aktuallığını və
hazırkı dövrdə dövlətimiz üçün prioritetlərdən biri olduğunu vurğulayaraq, bu
istiqamətdə Naxçıvanda həyata keçirilən tədbirlər haqqında məlumat verib.
“Regional İnkişaf”
İctimai Birliyinin nümayəndəsi İlkin Muradov tədbirin məqsədi və Qərbi Azərbaycan
həqiqətləri ilə bağlı gənclərin proqram əsaslı işinin təşkilinin əhəmiyyətindən
danışıb. Bu mövzuda gənclər üçün davamlı olaraq keçirilən görüşlərin, düşərgələrin
vacibliyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Qərbi
Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli İcmanın strukturu və fəaliyyəti,
gənclərin üzərinə düşən vəzifələr, Vətən müharibəsində qazanılan şanlı Qələbədən
sonra bu sahadə atılan qətiyyətli addımlardan danışıb. Ə.Ələkbərli,
həmçinin tədbir iştirakçılarını beynəlxalq ictimaiyyətin soydaşlarımızın
ata-baba yurdlarına qayıtması istiqamətində ölkəmizin haqlı mövqeyi ilə bağlı
düzgün məlumatlandırılmasında fəallıq göstərməyə çağırıb.
Görüşdə
iştirak edən Milli Məclisin
deputatı, QAİ İdarə Heyəti sədrinin müavini, professor Hikmət Məmmədov və Milli Məclisin deputatı, QAİ İdarə Heyəti
sədrinin müavini Ramil Həsən Qayıdış
konsepsiyasının müddəalarını şərh edərək, bu sahədə dövlət tərəfindən yürüdülən
siyasətin reallaşmasına hər bir vətəndaşın töhfə verməli olduğunu vurğulayıblar.
Sonra İcmanın gənclərlə
iş üzrə məsul əməkdaşı Anar İrzaquliyev Qərbi Azərbaycan həqiqətlərini,
tarixini, coğrafiyasını, mədəniyyətini özündə əks etdirən təqdimat nümayiş
etdirib və gəncləri maraqlandıran suallar ətrafında müzakirə aparılıb.
Tədbirin davamında gənclər
arasında mövzu üzrə “Nə? Harada? Nə zaman?”
intellektual oyunu keçirilib. Komandalar yarışda Qərbi Azərbaycanın görkəmli şəxsiyyətləri,
incəsənəti, memarlıq nümunələri, həmçinin toponimləri və onların etimologiyası
haqqında biliklərini nümayiş etdiriblər.
Qeyd edək ki, ötən ildən icrasına başlanılan layihənin əsas məqsədi Qərbi Azərbaycandan zorla çıxarılmış soydaşlarımızın öz doğma yurdlarına qayıtması hüququnun təmin olunmasını, insan hüquqları məsələsi və sülhsevər missiya olaraq Qərbi Azərbaycana qayıdışı xalqımızın əsas hədəflərindən biri kimi göstərməklə, bütövlükdə Azərbaycan ictimaiyyətini, xüsusən də gəncləri bu amal uğrunda səfərbər etməkdir.