“Qlobal iqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirləri” layihəsi çərçivəsində məktəblilər arasında keçirilən ümumrespublika layihə müsabiqəsinin növbəti mərhələsinin icrasına başlanılıb
“Regional İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən “Qlobal iqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirləri” layihəsi çərçivəsində məktəblilər arasında keçirilən ümumrespublika layihə müsabiqəsinin növbəti mərhələsinin icrasına başlanılıb.
Bu mərhələdə
müsabiqədə iştirak üçün qeydiyyatdan keçmiş ümumtəhsil məktəblərinin komandalarına
müsabiqə mövzuları və layihələrin yazılma qaydaları ilə tanışlıq məqsədilə Ekologiya
və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi
İnstitutu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, ADA Məktəbi,
Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu və “Regional İnkişaf” İctimai Birliyinin
məsul əməkdaşları tərəfindən onlayn vebinarlar keçilir.
İyun ayı ərzində davam
edəcək vebinarlar biomüxtəlifliyin qorunması və bərpası, tullantıların minimuma
endirilməsini və təkrar emalını təmin edən təcrübələrin və texnologiyaların tətbiqi,
iqlim dəyişikliyi təsirlərinin azaldılmasında icma təşəbbüsləri və təbliğat tədbirləri,
yüksək temperatur, yağıntıların dəyişməsi və ekstremal hava hadisələrinin
tezliyinin məhsulların məhsuldarlığına və keyfiyyətinə təsirləri, ekoloji
tarazlığın bərpası, ətraf mühitin mühafizəsi, qlobal iqlim dəyişikliklərində
antropogen (insan faktoru) təsirlərinin azaldılması üçün alternativ əkinçilik
texnologiyalarının tətbiqi, su hövzələrinin qorunmasında quraqlığa davamlı
bitki sortlarının yetişdirilməsi, qlobal iqlim dəyişikliyinin uşaqların
sağlamlığına təsirləri və bu təsirlərin azaldılması yolları, sağlam qida mədəniyyətinin
formalaşdırılması, ekoloji problemlərin həllində innovativ texnologiyaların tətbiqi,
su mənbələri və resurslarından qənaətlə istifadənin təşviqi və digər vacib
ekoloji mövzuları əhatə edir.
Qeyd
edək ki, “Qlobal iqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirləri” layihəsinin
məqsədi ölkəmizdə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi nəzərə
alınaraq, bütün dünyanı narahat edən qlobal problemlərdən biri kimi iqlim dəyişikliyi
və onun təsirləri barədə məktəbliləri maarifləndirmək, onları bu problemin həllində
iştiraka və sağlam gələcək naminə ideyalarını bölüşərək həllər irəli sürməyə təşviq
etməkdir.
Müsabiqənin
nəticələrinə əsasən ən uğurlu 5 layihə qalib elan olunacaq və həmin komandalara
layihənin icrası üçün pul mükafatı veriləcək.
Layihə
Ekologiya
və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi
yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi
İnstitutu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Su və
Meliorasiya Elmi Tədqiqat İnstitutu, Azərbaycan Sənaye Korporasiyası, ADA Məktəbi,
Azərbaycan Mühəndislik Akademiyasi və “AzerGold” QSC-nin dəstəyi ilə icra
olunur.