150 +994505000150

“Qərbi Azərbaycan: Tarixin izi ilə” layihəsi çərçivəsində növbəti görüş İmişli gəncləri ilə keçirilib

8 mart 2025
Paylaş
“Qərbi Azərbaycan: Tarixin izi ilə” layihəsi çərçivəsində növbəti görüş İmişli gəncləri ilə keçirilib

Martın 7-də Qərbi Azərbaycan İcması (QAİ) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan: Tarixin izi ilə” layihəsinin İmişli şəhərində növbəti məlumatlandırıcı sessiyası keçirilib.

Görüş iştirakçılarını salamlayan İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev regionlarda gənclərlə davamlı olaraq keçirilən bu cür tədbirlərin Qərbi Azərbaycan ilə bağlı faktların geniş ictimaiyyətə çatdırılmasında, xüsusilə gənclərin tarix və milli kimlik barədə məlumatlılığının artırılmasında əhəmiyyətini vurğulayıb. 

“Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Aqil İsmayılzadə layihə çərçivəsində bugünədək paytaxt və regionlarda ictimaiyyət nümayəndələrinin və gənclərin iştirakı ilə müxtəlif sessiyaların, bilik yarışlarının keçirildiyini, bugünkü görüşün Qərbi Azərbaycan tarixi, coğrafiyası, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri və tarixi şəxsiyyətləri, toponimləri, folkloru, eləcə də Qərbi Azərbaycandan zorla çıxarılmış soydaşlarımızın öz doğma yurdlarına qayıtması istiqamətində ölkəmizin haqlı mövqeyi barədə İmişli gənclərinin maarifləndirilməsində rolunu diqqətə çatdırıb.

QAİ Gənclər Şurasının sədr müavini, Milli Məclisin deputatı Naqif Həmzəyev çıxış edərək icmanın fəaliyyəti, Azərbaycanlılara qarşı tarixi ədalətsizliklər və onların Ermənistan ərazisindən deportasiyasından danışaraq, soydaşlarımızın ata-baba yurdlarına qayıtması istiqamətində ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə düzgün çatdırılması, tarixi həqiqətlərin yayılması və müdafiəsində gönclərin üzərinə düşən vəzifələrdən danışıb.

Qərbi Azərbaycan İcmasının üzvü, professor, Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin fəxri üzvü Çingiz Abdullayev Qayıdış konsepsiyası barədə məlumat verərək, beynəlxalq hüquq çərçivəsində bu məsələni daim gündəmdə saxlamaq və dünya ictimaiyyətinə çatdırmaq üçün sistemli fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.

Daha sonra Qərbi Azərbaycan İcmasında gənclərlə iş üzrə məsul şəxs Anar İrzaquliyev Qayıdış konsepsiyasının müddəaları, görülmüş və planlaşdırılan fəaliyyətlər barədə təqdimat təqdim edib.

Sual-cavab formatında işini davam etdirən görüşdə iştirakçılar Qərbi Azərbaycanla bağlı tarixi faktlar, hüquqi məsələlər, gələcək planlar barədə müzakirələr aparmış, gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

Tədbirin ikinci hissəsində gənclər arasında sual-cavab oyunu keçirilmiş, qalib iştirakçılara hədiyyələr təqdim edilmişdir.


FOTO