150 +994505000150

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilir

23 may 2024
Paylaş
“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilir

Mayın 23-də Heydər Əliyev Mərkəzi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-24) işə başlayıb. Beynəlxalq elmi konfrans mayın 26-dək davam edəcək.

Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş konfrans builki mövzusu “Dayanıqlı inkişafın yeni dövrü: yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi” məsələsini əhatə edir.

Heydər Əliyev Mərkəzində keçirilən konfransın açılışında qonaqlar konfrans çərçivəsində UNEC tərəfindən nəşr olunan kitabların sərgisi ilə tanış olublar. Sərgidə konfransda məruzə üçün qəbul olunmuş tədqiqat işlərinin xülasələrindən ibarət “Xülasələr kitabı” başda olmaqla, ali təhsil müəssisələrində yaşıl iqtisadiyyatla bağlı fənlərin tədrisində ana dilimizdə vəsait ehtiyacını qarşılamaq üçün hazırlanan “Yaşıl iqtisadiyyat” dərs vəsaiti, konfransa Azərbaycan dilində təqdim olunmuş seçilmiş məqalələrdən ibarət olan “Yaşıl iqtisadiyyat və dayanıqlı inkişaf” məqalələr toplusu, Türk dünyasının müxtəlif ölkələrinin tədqiqatçıları tərəfindən hazırlanmış “Türk dünyasında yeşil ve dönüşüm ekonomisi: geçiş için yol haritası” kitabı nümayiş olunub. Həmçinin UNEC ilə nüfuzlu EMERALD nəşriyyatının əməkdaşlığı əsasında çapa hazırlanan “Sustainable Development and Green Innovation: Managing risk through interdisciplinary approaches and policy strategies” başlıqlı kitab haqqında məlumat verilib.

Konfransın rəsmi açılış mərasimində iştirakçıları salamlayan UNEC-in rektoru professor Ədalət Muradov məruzə ilə çıxış edib.

Sonra Elm və təhsil naziri Emin Əmrullayev, Türkiyə Rəqabət Qurumunun rəhbəri Birol Küle və “Regional İnkişaf” İctimai Birliyi, Təhsil layihələri üzrə koordinatoru Simuzər Fərəczadənin çıxışları dinlənilib.

Qeyd edək ki, yaşıl iqtisadiyyat, dayanıqlı inkişaf, bərpaolunan enerji mənbələri, iqlim maliyyələşməsi və s. kimi aktual mövzuları əhatə edən, ümumilikdə 683 tədqiqat işi ilə konfransa müraciət daxil olub. Elm komitəsi tərəfindən konfransın standart və keyfiyyət tələblərinə uyğun olaraq qiymətləndirilən tədqiqatlardan 245-i konfransda məruzə olunmaq üçün qəbul edilib. Tədqiqat işləri əsasında hazırlanacaq kitab nəşr olunduqdan sonra dünyanın bir çox nüfuzlu akademik bazalarında indekslənəcək, həmçinin konfrans çərçivəsində hazırlanan bütün nəşrlərin əlçatanlığını təmin etmək üçün elektron versiyada konfransın rəsmi saytında yerləşdiriləcək.

Konfransa göndərilən məqalələrin dəyərləndirilməsi, eləcə də konfransın təşkilati və digər məsələləri ilə bağlı dünyanın nüfuzlu universitetlərinin professorları və mütəxəssislərindən ibarət beynəlxalq elm komitəsi, təşkilat komitəsi və katiblik fəaliyyət göstərir. İsveçrənin Tətbiqi Elmlər və İncəsənət Universiteti (HES-SO), İstanbul Universiteti (Türkiyə), Qırğız - Türk Manas Universiteti (Qırğızıstan), Turan Universiteti (Qazaxıstan), İstanbul Gelişim Universiteti (Türkiyə), Miskolc Universiteti (Macarıstan), Sapir College (İsrail), Kiyev Taras Şevçenko adına Milli Universiteti (Ukrayna), Daşkənd Dövlət Universiteti (Özbəkistan), Silesia Akademiyası (Polşa), Bratislava İqtisadiyyat Universiteti (Slovakiya), Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti (Macarıstan), Çitkara Universiteti (Hindistan), Gürcüstan Universiteti (Gürcüstan), İlia Dövlət Universiteti (Gürcüstan), Obuda Universiteti (Macarıstan), Malaga Universiteti (İspaniya), Debrecen Universiteti (Macarıstan), Agora Universiteti (Ruminiya), Malta Universiteti (Malta), Atatürk Universiteti (Türkiyə), St. Andrey Gürcüstan Universiteti (Gürcüstan), Kazimierz Vielki Universiteti (Polşa), Latviya Universiteti (Latviya), Lyublyana Biznes Məktəbi (Sloveniya) Kanada Texnologiya Universiteti (Albaniya) kimi universitetlər konfransın əsas tərəfdaşlarıdır.

Konfransa qatılan 374 tədqiqatçı, 19-u yerli, 64-ü xarici olmaqla, ümumilikdə 83 ali təhsil müəssisəsi və tədqiqat mərkəzini təmsil edir.

Konfrans çərçivəsində Heydər Əliyev Mərkəzində təşkil olunacaq panel müzakirələrdə yerli və xarici dövlət və özəl sektor qurumlarının rəhbər şəxsləri ilə yanaşı, beynəlxalq təşkilatlar və xarici universitetlərinin mütəxəssisləri olan, ümumilikdə 28 spiker iştirak edəcək ki, onlardan 17-si xarici ölkələrin təmsilçiləridir. “Bərpaolunan enerji mənbələrindən istifadə və iqlim dəyişikliyi fonunda Azərbaycan universitetlərində yaşıl və dayanıqlı qlobal iqtisadi irəliləyişlər”, “Gələcəyi istiqamətləndirmək: dayanıqlı gələcək üçün iqlim dəyişikliklərinin maliyyələşdirilməsində yeniliklər”, “Dayanıqlı inkişaf yolunda ortaq rəqabət: əsas istiqamətlər və çətinliklər”, “Yaşıl iqtisadiyyata və texnologiyalara keçiddə özəl təşəbbüslərin rolu” və “Türk dünyasında yaşıl və dairəvi iqtisadiyyat: keçid üçün yol xəritəsi” kimi mövzularda maraqlı müzakirələr bu sahədə ölkəmizdə aparılan tədqiqatlara yol göstərməklə yanaşı, sahənin inkişafına töhfə verəcək.

Konfrans çərçivəsində ənənəvi olaraq hər il təşkil olunan onlayn vörkşoplar bu il “Dayanıqlı inkişaf üçün sahibkarlıq, innovasiya və süni intellekt (AI)”, “Paydaş gözləntiləri çərçivəsində dayanıqlılıq hesabatlılığı”, “İqlim dəyişikliyi ilə mübarizədə yaşıl innovasiyalar”, “Tullantılardan resursların bərpasını təkmilləşdirmək üçün əsas amillərin araşdırılması: dayanıqlılığa doğru yol xəritəsi” və “Yaşıl iqtisadiyyat və robotlar” kimi aktual mövzulara həsr ediləcək. Sosial media platformaları vasitəsilə canlı olaraq yayımlanacaq bu vörkşoplarda dünyanın müxtəlif ölkələrindən olan 21 mütəxəssis çıxış edəcək ki, onların 15 nəfəri xarici ölkə təmsilçiləridir.

Mayın 26-da konfrans çərçivəsində, həmçinin Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının dəstəyi ilə ağacəkmə aksiyası keçiriləcək. Aksiyada konfrans iştirakçıları tərəfindən iqlim şəraitinə uyğun 300-dən çox ağacın əkilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ISCEMR-24 “Paşa Holdinq”in baş sponsorluğu və bp, “Veysəloğlu” Şirkətlər Qrupu, “Azərsun” Holdinq və “Trendyol” şirkətlərinin sponsorluğu ilə keçirilir.


FOTO