Bakıda “Süd vəzi xərçənginin müalicəsinə müasir yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçirilib

Martın 16-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi (MOM), Avrasiya Onkoloji Dərnəyi, “Regional İnkişaf" İctimai Birliyi (RİİB) və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Bakıda “Süd vəzi xərçənginin müalicəsinə müasir yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransı
giriş sözü ilə açan Milli Onkologiya Mərkəzinin baş həkimi, Səhiyyə
Nazirliyinin baş onkoloqu Azad Kərimli MOM-un baş direktoru, akademik Cəmil
Əliyevin adından salamlayaraq, son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi
altında ölkəmizdə həyata keçirilən uğurlu səhiyyə islahatlarından, səhiyyə
sisteminin müasirləşdirilməsi və yüksək texnologiyalara əsaslanan tibbi
avadanlıqlarla təminatı istiqamətində görülən işlərdən, Milli Onkologiya Mərkəzində
yaradılmış şəraitdən, ən müasir avadanlıqlarla təchiz edilmiş tibb müəssisəsinin
onkoloji xəstəliyin erkən diaqnostikası və müalicəsi, tibb personalının bilik və
təcrübələrinin artırılması sahəsində görülən işlərdən danışıb, konfransın işinə
uğurlar arzulayıb.
Çıxış
edən Avrasiya Onkoloji Dərnəyinin sədri Hilmi Kodaz Milli Onkologiya Mərkəzi ilə
qurulmuş səmərəli əməkdaşlıqdan və əldə olunan uğurlardan danışaraq, bu cür
konfransların tibb elminin yeni nailiyyətlərinin təbliği və təcrübə mübadiləsinin
həyata keçirilməsində əvəzsiz rol oynadığını bildirib.
“Regional
İnkişaf" İctimai Birliyi nümayəndəsi Şəhla Talıbzadə çıxışında Birinci
vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü
və rəhbərliyi ilə səhiyyə sahəsində həyata keçirilən çoxşaxəli proqram və layihələrdən,
əldə olunan nailiyyətlərdən, İctimai Birlik tərəfindən son illər aidiyyəti
qurumlar və tibb müəssisələri ilə birlikdə aztəminatlı və digər həssas
kateqoriyadan olan insanların sağlamlığının qorunması, tibbi xidmətlərin
keyfiyyətinin yüksəldilməsi, həkimlərin bilik və təcrübələrinin artırılması, əhalinin
maarifləndirilməsi və digər istiqamətlərdə ardıcıl icra edilən tədbirlərdən bəhs
edib.
Konfransda
Azərbaycan və Türkiyədən dəvət edilmiş mütəxəssislər süd vəzi xərçənginin
müasir diaqnostika və müalicə üsullarını əhatə edən mövzularla çıxış ediblər. Tədbir
çərçivəsində, həmçinin xəstə təqdimatları, süd vəzi xərçənginə aid ən son
yeniliklər və xüsusi halların geniş müzakirəsi aparılıb.
Konfransda
dinlənilən məruzələr “Süd vəzi xərçəngində biomarker”, “İnfiltrativ duktal,
lobulyar xərçəng və digər histoloji tiplər”, “Süd vəzi xərçəngi xəstələrinin
müşahidəsi necə aparılmalıdır. Radioloji/nuklear diaqnostika üsulları və müayinənin
aparılma tezliyi”, “Luminal erkən mərhələ süd vəzi xərçəngi - neoadyuvant və
adyuvant müalicə”, “Her-2 müsbət süd vəzi xərçəngi – neoadyuvant və adyuvant müalicə
- kimə və necə aparılmalıdır”, “Üçlü neqativ süd vəzi xərçəngi - neoadyuvant və
adyuvant müalicə - kimə və necə aparılmalıdır?”, “Süd vəzi xərçəngində şüa
müalicəsinin tətbiqi”, “Luminal tip süd vəzi xərçəngi”, “Hər-2 müsbət süd vəzi
xərçəngi”, “Üçlü neqativ süd vəzi xərçəngi”, “Süd vəzi xərçəngi xəstələrində
qidalanma”, “Metastatik reseptor halından asılı olmadan metastatik müalicədən
tam cavab alınan xəstələrə yanaşma - cərrahi müalicənin yeri”, “Süd vəzi xərçəngi
və hamiləlik, fertillik”, “Kişilərdə süd vəzi xərçəngi, Pejet xərçəngi”,
“Geriatrik süd vəzi xərçəngi xəstələrinə yanaşma” kimi mövzuları əhatə edib.
Məruzələr
üzrə onkologiyanın aktual problemləri, müasir dövrdə onkoloji xəstəliklərin
müalicəsində tətbiq edilən yeniliklər müzakirə olunub, təcrübə mübadiləsi
aparılıb.
Sonda
iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən davamlı tibbi təhsil üzrə akkreditasiya olunaraq 11 kredit vahidi verilib.