150 +994505000150

Şanlı Qələbəyə həsr edilən kitab çin dilində təqdim edilib

12 mart 2024
Paylaş
Şanlı Qələbəyə həsr edilən kitab çin dilində təqdim edilib

Martın 12-də “Regional İnkişaf” İctimai Birliyi və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılan Qələbə və onun tarixinə həsr edilən “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının 7 dildə nəşri ilə gənclərin tanışlığına həsr edilən tədbir keçirilib. Əsas məqsədi bu kitab vasitəsilə gənc nəslə tarixi həqiqətlərin dolğun və ətraflı çatdırılması və onun geniş təbliğı olan və İctimai Birliyin könüllüləri, fəal gənclər, Bakıda təhsil alan çinli tələbələr, müharibə veteranları, qazilər, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə kitabın çin dilindəki nəşri təqdim edilib.

Tədbirin əvvəlində 44 günlük Vətən müharibəsində əldə edilən Qələbə və kitabın ərsəyə gəlməsinə həsr edilən videoçarx nümayiş olunub.

Tədbir iştirakçılarını salamlayan Bakı Kitab Mərkəzinin direktoru Günel Anar qızı kitabla bağlı təəssüratlarını bölüşərək bildirib ki, hər zaman verdiyi sözə əməl edən cənab Prezident İlham Əliyev xalqına hansı vədi veribsə, onu sona kimi yerinə yetirib. Odur ki, gənclər də cənab Prezidentin dediyi hər sözə sona kimi inanmalı və hər zaman ona dəstək olmalıdır.

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov bildirib ki, Azərbaycan tarixində konkret bir tarixi hadisə haqqında yazılan kitab qısa zaman kəsiyində 7 dildə nəşr edilən ilk nəşrdir. Onun xüsusi əhəmiyyəti isə hadisələrin məhz hadisə iştirakçılarının dilindən nəql olunmasıdır. Kitabda şanlı Qələbənin əldə olunmasının ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik sərkərdəlik qabiliyyəti sayəsində mümkün olduğu xüsusi vurğulanıb.

Gənclərin müzakirəsinə çıxarılan kitab nəinki ölkəmizdə, eyni zamanda ölkə xaricində oxucu və ekspertlərin böyük marağına səbəb olduğundan Azərbaycan, türk, ingilis, rus, ərəb, fars və çin dillərində nəşr edilib. Hazırda kitabın urdu dilinə tərcüməsi üzərində işlər davam etdirilir.

Tədbirdə çıxış edən “Regional İnkişaf” İctimai Birliyin nümayəndəsi Murad Qasımlı, Vətən müharibəsi qazisi Qadir Daşdəmirov, çinli tələbə Zhikai Cao və başqaları bildiriblər ki, kitabda Azərbaycanın Birinci Qarabağ müharibəsində məğlubiyyətinin səbəbləri və ölkənin öz torpaqlarını işğaldan azad etmə istiqamətində həyata keçirdiyi tədbirlərin geniş təhlili verilib. Kitabda Heydər Əliyev Fondu və onun rəhbəri, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mədəni-tarixi irsin bərpası istiqamətində aparılan genişmiqyaslı işlər oxucunun diqqətinə çatdırılır.

Gənclərin böyük marağına səbəb olan tədbir bədii hissə ilə başa çatıb.


FOTO