“Regional İnkişaf” İctimai Birliyinin ölkə üzrə könüllülərinin onlayn görüşü keçirilib
“Regional İnkişaf” İctimai Birliyinin ölkə üzrə könüllülərinin 5 dekabr - Beynəlxalq Könüllülər Gününə həsr olunmuş onlayn görüşü keçirilib. Müxtəlif bölgələri təmsil edən 350-dən çox könüllünün iştirak etdiyi görüş RİİB könüllülərinin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin yad olunması ilə başlayıb.
Görüşdə Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun sıralarında döyüşən RİİB
könüllülərindən bəhs edən fotoslayd izlənilib. Onların sırasında şəhidlik
zirvəsinə ucalan könüllülərin olduğu vurğulanıb.
RİİB-in Şəki-Zaqatala regionu üzrə könüllüsü, Vətən müharibəsi
qazisi, hazırda ordu sıralarında xidmətini davam etdirən Turan Musayev
videomüraciətində döyüş yolundan, ordumuzun ruh yüksəkliyindən və qələbə
əzmindan danışaraq, ordu-xalq birliyinə görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya xüsusi
təşəkkür edib.
RİİB könüllüləri çıxışlarında Vətən müharibəsi zamanı könüllülərin
fəaliyyətindən, onların düşmən təcavüzündən zərər çəkmiş soydaşlarımıza göstərdiyi
köməkliklərdən, Ermənistanın işğalçı siyasəti, törətdiyi hərbi və ekoloji
cinayətlər, vandalizm aktları barədə dünya ölkələrinin könüllülərinə və 40-dan
çox beynəlxalq təşkilata müraciətindən bəhs ediblər.
2020-ci ilin ölkəmizdə “Könüllülər ili”nin elan edildiyi,
Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban
Əliyevanın daim könüllülərə, ölkə gənclərinə yüksək etimad göstərdiyi qeyd
olunub.
Dünyadakı yeni növ koronavirus pandemiyası ilə əlaqədar
“Könüllülər ili”ndə planlaşdırılan kütləvi tədbirlərin və layihələrin bəzisi
karantin şərtlərindən irəli gələrək icra olunmasa da RİİB könüllüləri ölkə
rəhbərliyinin çağırışlarına qoşularaq COVID-19-a qarşı dövlət tərəfindən
görülən tədbirlərə dəstək məqsədi ilə bir sıra layihələr həyata keçirdi.
RİİB könüllüləri ölkədə tətbiq edilən karantin rejiminin ilk
günlərində evdən çıxması qadağan edilən 65 yaşdan yuxarı, tənha yaşayan
insanlara Heydər Əliyev Fondu tərəfindən hazırlanan ərzaq sovqatlarını
ünvanlarına çatdırılmasında, onların ehtiyac duyduqları bir sıra sosial
xidmətlərin göstərilməsində, ölkə Prezidentinin “Biz birlikdə güclüyük”
çağırışına qoşularaq Heydər Əliyev Fondu və RİİB tərəfindən ölkə üzrə 220
mindən çox ailəyə sovqatların çatıdırılmasında, riskli əhali qrupları arasında
pandemiyadan qorunma yolları barədə müxtəlif maarifləndirici materialların
paylanması, təbliğat-təşviqat işlərinin aparılmasında, eləcə də hər il olduğu
kimi, bu il də Qurban bayramında 100 min sosial həssas kateqoriyadan olan
ailəyə Qurban paylarının və sovqatların çatdırılmasında fəallıq nümayiş
etdirdilər.
Könüllülər tərəfindən gələcəkdə xüsusilə işğaldan azad edilmiş
ərazilərdə düşmənin törətdiyi ekoloji terrorun nəticələrinin aradan
qaldırılması, dağıdılmış tarixi və mədəni abidələrin bərpası, geniş turizm
imkanlarına malik bölgənin potensialının üzə çıxarılması və təbliği,
müharibədən zərər çəkmiş uşaqlara və digər həssas kateqoriyadan olan insanlara
sosial dəstəyin göstərilməsi və digər istiqamətlərdə planlaşdırılan layihələr
diqqətə çatdırılıb.
Görüşdə “Könüllülər ili”nə töhfə olaraq RİİB tərəfindən
hazırlanmış Könüllülər himni və klipinin, eləcə də RİİB-in təşəbbüsü ilə
“Azərmarka” MMC tərəfindən hazırlanmış poçt markası və “Azercell Telekom”
tərəfindən tətbiq olunan “Könüllü” tarif paketi təqdim edilib.
Könüllülər, həmçinin növbəti ildən icra olunacaq yeni könüllülük
proqramında nəzərdə tutulan fəaliyyətlərlə tanış olublar.
Tədbir könüllülər adından ölkə rəhbərliyinə müraciətlə yekunlaşıb.