150 +994505000150

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan tədbir keçirilib

10 dekabr 2016
Paylaş
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan tədbir keçirilib

Masallı rayonu “ASAN Həyat” kompleksindəki Heydər Əliyev İncəsənət Məktəbində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan tədbir keçirilib.

Region gənclərinin iştirakı ilə keçirilən görüşdə Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru Məhəbbət Mehdiyeva və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri İmamverdi Həmidov görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışıblar. 

 

Məhəbbət Mehdiyeva müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində Heydər Əliyevin əvəzolunmaz xidmətləri barədə çıxış edib. Bildirilib ki, beynəlxalq normalara əsaslanan demokratik dövlətin qurulması, suveren Azərbaycanın əsas qanunu olan Konstitusiyanın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təmin olunması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi şəxsən Heydər Əliyevin xidmətləridir. Ona görə də haqlı olaraq müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəri adlandırılır.

 

Professor İmamverdi Həmidov Heydər Əliyevin yüksək erudisiya, fenomenal yaddaş, zəngin bilik ehtiyatı, heyrətamiz təhlil qabiliyyətinə malik bir şəxsiyyət  olduğunu qeyd edib.

  

Daha sonra “Böyük ömrün anları” adlı videoçarx nümayiş olunub. 

 

Heydər Əliyev Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə  keçirilən tədbirdə tələbələr, həmçinin, ümummilli liderin həyatı və fəaliyyətinin  müxtəlif sahələrini əhatə edən ekspozisiya ilə tanış olublar.