150 +994505000150

Milli Onkologiya Mərkəzinin və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə konfrans keçirilib

10 noyabr 2018
Paylaş
Milli Onkologiya Mərkəzinin və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə konfrans keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə Gəncə şəhəri Heydər Əliyev Mərkəzində “Bədxassəli şişlərin diaqnostika və müalicəsinə multidisiplinar yanaşma” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda Gəncə, Goranboy, Göygöl, Samux, Gədəbəy, Daşkəsən, Şəmkir, Tovuz, Ağstafa, Qazax rayonları üzrə onkoloq, ginekoloq, endokrinoloq, uroloq və cərrah  iştirak edib.

Tədbirdən əvvəl Milli Onkologiya Mərkəzindən olan qonaqlar Gəncədə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, heykəlin önünə gül dəstələri qoyublar.

Konfransı giriş sözü ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş onkoloqu, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli açıb. Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyevin  konfrans iştirakçılarına  təbriklərini,  səmərəli fəaliyyət arzularını çatdıran A.Kərimli ölkəmizdə həyata keçirilən uğurlu səhiyyə islahatlarından  danışıb. O, bildirib ki, son illər ərzində Azərbaycan rəhbərliyinin daim diqqət və qayğı sayəsində Milli Onkologiya Mərkəzi ölkəmizdə ixtisaslaşdırılmış onkoloji yardımların göstərilməsi və elmi-metodiki,  profilaktik işlərin əlaqələndirilməsi üzrə Cənubi Qafqaz  bölgəsinin ən qabaqcıl və nüfuzlu  aparıcı müəssisəsinə çevrilib.

         Milli Onkologiya Mərkəzinin Baş direktorunun birinci müavini, baş-boyun şişləri şöbəsinin cərrah-onkoloqu, professor Əziz Əliyev ölkəmizdə bu sahədə əldə olunan nailiyyətlərdən danışaraq qeyd edib ki, bu gün respublikamızın sürətli iqtisadi inkişafı bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına müsbət təsir göstərib. Əziz Əliyev Prezident İlham Əliyevin səhiyyənin inkişafına xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. O, bildirib ki, Milli Onkologiya Mərkəzinin cərrahiyyə kospusunun tikilməsi  ölkə Prezidentinin dəstəyi ilə reallaşdırılıb. Mərkəzin Uşaq Onkoloji Klinikasının yaradılmasında isə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri olub.

Professor Əziz Əliyev baş-boyun şişlərinin müalicəsində cərrahi əməliyyatın əhəmiyyətindən danışaraq, Milli Onkologiya Mərkəzində yaradılmış müasir şərait, innovativ yeniliklər və modern avadanlıqların bu əməliyyatların dünya standartlarına tam uyğun aparılmasına  imkan yaratdığını xüsusi olaraq vurğulayıb. Ə.Əliyev son dövrdə dünyanın müxtəlif ölkələrindən onlarca insanın Milli Onkologiya Mərkəzinə üz tutmasının uzun illərdən bəri çəkilən gərgin zəhmətin bəhrəsi və sevindirici tendensiya kimi dəyərləndirib.

         Konfransda Mərkəzin həkimlərinin “Baş-boyun şişlərinin müasir cərrahi müalicəsi”, “Sü vəzi və uşaqlıq boynu xərçənginin erkən mərhələdə aşkarlanmasının müasir metodları”, “Mədə xərçənginin cərrahi müalicəsində müasir prinsiplər”, “Uroonkoloji xəstəliklərə müasir yanaşma”, “Həzm və tənəffüs orqanlarında aparılan müasir endoskopik müayinə və müalicə metodları”, “Onkoloji diaqnostika və müalicədə yeni era: Nüvə təbabəti”, “Bədxassəli yenitörəmələrin dərman və şüa müalicəsində müasir prinsiplər” mövzularında çıxışları dinlənilib. Xərçəng xəstəliyinin müalicə və müayinəsində multidisiplinar yanaşmalarını özündə əks etdirən çıxışlar maraqla qarşılanıb.

            Sonda konfransa iştirak edən həkimlərə sertifikat təqdim olunub.

Qeyd edək ki, bu həftə ərzində Milli Onkologiya Mərkəzinin və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə eyni zamanda onkoloji xəstəliklərin erkən diaqnostikası məqsədilə Gəncə-Qazax regionunda ödənişsiz tibbi müayinələr təşkil olunub.  Müayinələrin  davamı olaraq Gəncə şəhərində Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsinin cərrah-onkoloqu, professor Əziz Əliyev tərəfindən üç xəstə üzərində mürəkkəb onkoloji cərrahi əməliyyat aparılıb. Təcrübə mübadiləsi proqramı üzrə aparılan cərrahi əməliyyatlar zamanı yerli tibbi mütəxəssislərə əməliyyatı əyani izləməklə təcrübə qazanma imkanı yaradılıb.