150 +994505000150

Gəncədə "İdeyadan Biznesə” çevriləcək layihələr seçilib

05 oktyabr 2018
Paylaş
Gəncədə "İdeyadan Biznesə” çevriləcək layihələr seçilib

"İdeyadan Biznesə” layihəsi çərçivəsində  təşkil olunan  növbəti startap turu oktyabr ayının 5-də Gəncədə Azərbaycan Texnologiya Universitetində keçirilib.  

Startap turunda Azərbaycan Texnologiya Universiteti ilə yanaşı, Gəncə Dövlət Universitetinin tələbələri  də  iştirak ediblər. 

Gəncə startap turuna 250-yə qədər tələbə və gənc qatılıb. 

Tədbirin informativ hissəsində tələbələrə “İdeyadan Biznesə” layihəsi çərçivəsində reallaşdırılan startap turları barədə ətraflı məlumat verilib. Bildirilib ki, layihənin məqsədi startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək verməkdir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və  “Microsoft” şirkəti ilə birgə həyata keçirdiyi layihənin əsas tərəfdaşı “Azercell” şirkətidir.

Tədbirin interaktiv hissəsində iştirakçılar üçün startap komandalarının formalaşması, layihə təqdimatının düzgün hazırlanması, layihənin investorlara satışı yolları, bazarın araşdırılması kimi məsələləri əhatə edən təlim keçirilib.

Təlimdən sonra peşəkar mentorlar tərəfindən ideyası olan iştirakçılardan ibarət 8 komanda formalaşdırılıb və onlar müsabiqəyə hazırlanıb. Həmin layihələrin hər birinin ayrı-ayrılıqda, “Kanvas” modelinə əsasən, biznes sxemləri hazırlanıb. Qeyd edək ki, bu model sadə və unikal olduğu üçün sahibkarlıq sahəsində  iş planlarının hazırlanmasında çox mühüm yer tutur.

Sonra komandaların hər biri 3 dəqiqə ərzində öz layihələrini  münsiflər heyəti qarşısında təqdim ediblər. Münsiflər layihələri “İdeya”, “İnnovasiyalar”, “Texnologiyalar” və “Mümkünlük” kriteriləri üzrə qiymətləndiriblər.

Müsabiqədə I, II və III yerlərin qalibləri  müvafiq olaraq “Sağlam addımlar”,  “Səbət”,  “Virtual Gəncəbasar”  layihələri olub. 

Tədbirin yekununda qaliblər mükafatlandırılıb və Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanıblar.

Startap turlarının qaliblərinin yarışacağı Milli Final 26-30 oktyabr tarixlərində  ilk dəfə olaraq Bakıda təşkil olunan “İnnovasiyalar həftəsi” çərçivəsində keçiriləcək. 

Milli Finalda qalib gələcək 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılmaqla yanaşı, 24-cü “Bakutel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində layihələrini təqdim etmək imkanı da əldə edəcəklər.