150 +994505000150

Növbəti startap turunun qalibləri Azərbaycan Texniki Universitetinin tələbələri olub

02 oktyabr 2018
Paylaş
Növbəti startap turunun qalibləri Azərbaycan Texniki Universitetinin tələbələri olub

Bu gün Azərbaycan Texniki Universitetində "İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turu keçirilib. 

İlk öncə, “İdeyadan Biznesə” layihəsi çərçivəsində reallaşdırılan startap turları barədə ətraflı məlumat verilib. Bildirilib ki, “İdeyadan Biznesə” layihəsinin məqsədi startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək verməkdir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və  “Microsoft” şirkəti ilə birgə həyata keçirdiyi layihənin əsas tərəfdaşı “Azercell” şirkətidir.

Tədbirdə çıxış edən Azərbaycan Texniki Universitetinin prorektoru, professor Sübhan Namazov startap turunun iştirakçılarını salamlayıb və universitetin rektor əvəzi, professor Xalıq Yahudovun layihəyə uğurlar arzuladığını diqqətə çatdırıb. Prorektor qeyd edib ki, “İdeyadan Biznesə” layihəsi gənclərdə düşünmə və komanda halında işləmək bacarığı formalaşdırmaqla yanaşı, ölkəmizdə innovativ düşüncə tərzinin təbliği baxımından böyük əhəmiyyət kəsb edir.

NRYTN-nin İnformasiya Kommunikasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov və Azərbaycan Gənclər Fondunun nümayəndəsi Ramil Məmmədov da çıxışlarında “İdeyadan Biznesə” layihəsinin önəmindən danışıblar. 

Startap turu çərçivəsində iştirakçılar üçün startap komandalarının formalaşması, layihə təqdimatının düzgün hazırlanması, investorlara layihənin satışı yolları, bazarın araşdırılması kimi məsələləri əhatə edən təlim keçirilib.

Təlimdən sonra, peşəkar mentorlar tərəfindən ideyası olan iştirakçılardan ibarət 13 komanda formalaşdırılıb və onlar müsabiqəyə hazırlanıb. Həmin layihələrin hər birinin ayrı-ayrılıqda “Kanvas” modelinə əsasən biznes sxemləri tərtib edilib. Bu model sadə və unikal olduğu üçün sahibkarlıq sahəsində  iş planlarının hazırlanmasında çox mühüm yer tutur.

Daha sonra komandalar 3 dəqiqə ərzində öz layihələrini  münsiflər heyəti qarşısında təqdim ediblər. Münsiflər layihələri “İdeya”, “İnnovasiyalar”, “Texnologiyalar” və “Mümkünlük” kriteriyaları üzrə qiymətləndiriblər.

Müsabiqədə I yeri “EAGLE 1”, II yeri “Miracl crystale”,  III yeri isə “Jast-Discover and live it” komandası tutub.

Tədbirin yekununda qaliblər mükafatlandırılıb və 8 oktyabrda Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanıblar.

Məlumat üçün bildirək ki, Milli Finalda qalib gələcək 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılmaqla yanaşı, 24-cü “Bakutel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində layihələrini təqdim etmək imkanı da əldə edəcəklər.

Sərgi-konfransın keçiriləcəyi 4-7 dekabr tarixinədək qaliblər layihələrinin prototipini hazırlamalıdırlar.