150 +994505000150

RİİB cənub bölgəsində turizm bələdçiləri üçün təlimlər təşkil edib

14 iyun 2018
Paylaş
RİİB cənub bölgəsində turizm bələdçiləri üçün təlimlər təşkil edib

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə “Tematik turların təşkilində turizm bələdçilərinin rolu” mövzusunda növbəti təlim Masallı rayonunda keçirilib. 

Dünya Turizm Bələdçiləri Assosiyasiyaları Federasiyasının (WFTGA) hazırladığı proqram əsasında təşkil olunan təlimdə Masallı, Lənkəran, Astara, Lerik və digər ətraf rayonlarda turizm və mədəniyyət sahəsində çalışan şəxslər iştirak edib.  

Masallı şəhərindəki Heydər Əliyev İncəsənət Məktəbində təşkil olunan nəzəri-praktiki təlimdə iştirakçılara turistlərlə ünsiyyətin qurulması, bədən dili və  bələdçilik peşəsinin digər incəlikləri, turizm sahəsində beynəlxalq təcrübə sahəsində məlumatlar verilib.

İştirakçılar üçün Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinə, Həzi Aslanovun ev muzeyinə, Lənkəran Dövlət Dram Teatrına, “Yanar bulaq” kompleksinə, Astara rayonunun Ərçivan qəsəbəsindəki tarixi Gəzəndaş ziyarətgahına, Kərbəlayi Həmid Abdulla hamamına, Hirkan Milli Parkına, Lənkəran “Yaşıl Çay” MMC-nin çay təsərrüfatına və bölgənin digər tarixi, turizm məkanlarınra turlar təşkil olunub. 

Azərbaycan Turizm və Menecment Universitetinin müəllimlərinin apardığı təlimin sonunda iştirakçıların bilikləri qiymətləndirilib, attestasiyadan keçən 8 nəfərə turizm bələdçisi kimi fəaliyyət göstərmək üçün şəhadətnamə, bütün iştirakçılara isə sertifikatlar təqdim olunub.