150 +994505000150

Bakı və regionlarda genişmiqyaslı startap turlarına start verilir

18 aprel 2018
Paylaş
Bakı və regionlarda genişmiqyaslı startap turlarına start verilir

Startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə birgə Bakı və regionlarda startap turları keçirir. Layihənin təşkilatçıları Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və “Microsoft” şirkətidir. 

“İdeyadan Biznesə” şüarı ilə keçirilən startap turlarının tərəfdaşı qismində “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və “Azercell” şirkəti çıxış edir. 

Startap turlarının ətraf rayon və şəhərləri də əhatə etməklə  Mingəçevir, Lənkəran, Quba,  Şəki, Gəncə, Naxçıvan, Sumqayıt və Bakı şəhərlərində keçirilməsi nəzərdə tutulur.  İlk tur 20 aprel tarixində Mingəçevir şəhərində keçiriləcək. Turlarda “http://www.i2b.az” saytında qeydiyyatdan keçərək iştirak etmək mümkündür. 

Turlar regionlarda fəaliyyət göstərən gənclərə biznes layihələrinin hazırlanması, müzakirəsi və təqdimatı, eləcə də mentorların dəstəyi ilə startap-komandaların və ideyaların formalaşdırılması üçün geniş imkanlar yaradacaq.

   Startap turu çərçivəsində sözügedən şəhərlərin hər birinə 1 günlük səfər planlaşdırılır. Səfər zamanı informativ sessiya, interaktiv hissə, müsabiqənin və müxtəlif mövzuları əhatə edən təlimlərin keçirilməsi nəzərdə tutulur.

Tədbirin birinci hissəsində startapları əsas müsabiqəyə hazırlamaq üçün kiçik biznes-treninqlər təşkil olunacaq, ikinci hissədə isə onlar öz ideyalarını münsiflər heyəti qarşısında təqdim edəcəklər. Daha sonra seçilmiş layihələr birincilik uğrunda mübarizə aparacaq. Hər çıxışdan sonra sual-cavab və layihənin müzakirəsi baş tutacaq. İkinci hissənin sonunda münsiflər hər region üzrə 1-ci və 2-ci yerlərin qaliblərini müəyyənləşdirəcək və qalib olan layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanacaq.

Milli Finalda qalib gələcək 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılacaq, eyni zamanda 24-cü “Bakutel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində layihələrini təqdim etmək imkanı əldə edəcəklər. 

Qalib gələn layihələr mentor xidmətləri, investisiyaların cəlb olunması, o cümlədən uğurlu startapların xaricə göndərilməsi və beynəlxalq tədbirlərə cəlb olunması imkanları ilə təmin oluna bilər.