150 +994505000150

Masallıda aşıq yaradıcılığına həsr olunan təlim keçirilib

19 oktyabr 2017
Paylaş
Masallıda aşıq yaradıcılığına həsr olunan təlim keçirilib

Heydər Əliyev Mərkəzi və Regional İnkişaf İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə Masallı rayonu “ASAN Həyat” kompleksindəki Heydər Əliyev İncəsənət Məktəbində “ Azərbaycan aşıq yaradıcılığı ” mövzusunda təlim keçirilib.

 

Təlimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Aşıq sənəti” kafedrasının müdiri, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əhliman Rəhimov və ADMİU-nun dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru  Samirə Əliyeva aparıb. Tədbirdə Lənkəran Dövlət Universitetinin tələbələri, regionun, eləcə də  Masallı rayonunun bu sahəyə maraq göstərən gəncləri iştirak ediblər.

 

İştirakçılara aşıq sənəti, onun inkişaf mərhələləri barədə məlumat verilib. Bildirilib ki, ozan-aşıq sənəti Azərbaycan el ədəbiyyatının ən zəngin qolunu təşkil edir.

 

Təlim iştirakçılarına, həmçinin Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım və digər tanınmış Azərbaycan aşıqlarının həyat və yaradıcılığı haqqında məlumat verilib.

 

Aşıqların ifasında saz, nağara və balabanın müşayiəti ilə müxtəlif havalar səsləndirilib və deyişmələr olub.