“Azərbaycanda gender bərabərliyinə əsaslanan valideynlik məzuniyyəti siyasəti: reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib
Azərbaycanda Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali
Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata
keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və
gender-əsaslı zorakılığa qarşı” (EU4GE) proqramı çərçivəsində “Azərbaycanda
gender bərabərliyinə əsaslanan valideynlik məzuniyyəti siyasətinin təşviqi ilə
bağlı genderə həssas innovativ kommunikasiya və media kampaniyasının həyata
keçirilməsi” layihəsinin icrasına başlanılıb.
"Regional
İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən layihə çərçivəsində yanvarın
26-da “Azərbaycanda gender bərabərliyinə əsaslanan valideynlik məzuniyyəti
siyasəti: reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirin
təşkilində məqsəd ödənişli və gender bərabərliyinə əsaslanan valideyn
məzuniyyəti siyasətinin Azərbaycan Respublikası qanunvericiliyində əksini
tapmasını təşviq etməkdir. Belə ki, gender bərabərliyinə əsaslanan valideynlik
məzuniyyəti siyasəti özündə həm qadınlar, həm də kişilər üçün iş və ailə
həyatının ahəngdar və səmərəli uzlaşdırılmasını, sosial bərabərsizliklərin
aradan qaldırılmasını, qadın və kişilər arasında vəzifələrin bölüşdürülməsini
əks etdirir.
"Regional
İnkişaf” İctimai Birliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri və tədbirin
moderatoru Leyla Tağıyeva çıxış edərək bildirib ki, gender bərabərliyinə
əsaslanan valideynlik məzuniyyəti siyasəti cəmiyyətdə gender bərabərsizliyinin
aradan qaldırılması və balanslaşdırılmış gender siyasətinin inkişafı üçün mühüm
vasitə olmaqla, qadınların əmək bazarında iştirakının və ümumilikdə sosial
rifahın yaxşılaşdırılmasına xidmət edir.
Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ölkəmizdə gender
siyasəti sahəsində mühüm işlərin görüldüyünü diqqətə çatdıraraq,
qanunvericiliyin gender bərabərliyi üçün hüquqi baza olduğunu vurğulayıb. Qeyd
olunub ki, Azərbaycan 1992-ci ildə “Qadınların siyasi hüquqları haqqında”
Konvensiyaya, 1995-ci ildə isə “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün
formalarının ləğv olunması haqqında” Konvensiyaya qoşulub. 2010-cu ildə “Məişət
zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edilib. Qanunlar
özü-özlüyündə dövlətin siyasi iradəsinin göstəricisi kimi çox vacib rol
oynayırlar.
Analıq
məzuniyyətinin ödənişli olması sahəsində mövcud olan bəzi problemlərdən danışan
komitə sədri deyib ki, analarla bərabər, atalar da valideyn-övladlıq
münasibətlərində və ailə qayğılarında iştirak etməlidirlər. Diqqətə çatdırılıb
ki, atalıq məzuniyyəti övladın dünyaya gəldiyi ilk gündən ona daha yaxın olmaq,
erkən uşaqlıq dövrü inkişafı prosesində iştirak etmək imkanı yaradır. “Bu
məzuniyyət ata ilə övlad arasında mənəvi bağların daha möhkəm əsasda
formalaşmasına şərait yaradır. Həmçinin valideynlər arasında məsuliyyət və
iştirak bərabər əsasda bölünür. Analıq, atalıq uşağın tərbiyə və təhsili, eləcə
də ailədaxili digər məsələlər ər və arvadın hüquq bərabərliyi prinsiplərinə
uyğun olaraq birgə həll edilir”, - deyə B.Muradova bildirib.
Bərabərhüquqlu
tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinin vacibliyini vurğulayan komitə
sədrinin sözlərinə görə, statistika qadın və kişilərin əməkhaqlarında fərq
olduğunu göstərir. Son iki ildə bununla bağlı irəliləyiş olduğunu vurğulayan
B.Muradova gender əsaslı zorakılığın aradan qaldırılması istiqamətində
maarifləndirmə işinin aparılmasının vacibliyini qeyd edib.
Tədbirdə çıxış
edən BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev
diqqətə çatdırıb ki, ataların uşağa qulluq öhdəliklərini həyat yoldaşları ilə
bərabər şəkildə paylaşması ailələrdə ədalətli davranış modelini təbliğ etməklə
yanaşı, anaların əmək bazarında artan fəallığı nəticəsində ümumi nəsilvermənin
ciddi şəkildə azalmasının da qarşısının alınmasına önəmli töhfə verə bilər.
“Çox mütərəqqi haldır ki, Azərbaycan qanunvericiliyində kişilər üçün
valideynlik məzuniyyətinə dair müddəa var. Lakin bu məzuniyyət ödənişsiz
olduğuna görə çox az sayda əhali bundan faydalanır. Ata ilə övladın erkən
yaşdan təmasının atalarla uşaqlar arasında daha sağlam münasibətlərin qurulması
baxımından əhəmiyyətini, habelə demoqrafik inkişaf proseslərini nəzərə alaraq,
ataları bu məzuniyyət imkanından faydalanmağa cəlb etməliyik və bunun təşviq
edilməsi üçün qanunvericilik aktlarında müvafiq dəyişikliklər uğrunda
çalışmalıyıq”, - deyə F.Babayev vurğulayıb.
Avropa İttifaqı
ilə birlikdə gender stereotiplərinin aradan qaldırılması istiqamətində birgə
işlər görüldüyünü diqqətə çatdıran BMT-nin Əhali Fondunun Azərbaycan üzrə
nümayəndəsi paytaxtda və regionlarda maarifləndirmə işlərinin aparıldığını qeyd
edib. Onun sözlərinə görə, təcrübələr göstərir ki, ataların övladlarının erkən
yaş dövründə tərbiyəsində iştirak etməsi koqniativ və müsbət təsir göstərir.
Bildirilib ki, ataların da ödənişli məzuniyyətdən istifadə edilməsi çox
vacibdir.
Əmək və əhalinin
sosial müdafiəsi nazirinin müavini Anar Kərimov çıxışında qeyd edib ki,
ölkəmizdə demoqrafik artım davam edir və təbii olaraq uşaqların tərbiyəsində
valideynlərin üzərinə böyük məsuliyyət düşür.
Bildirilib ki,
ölkədə gender bərabərliyinin təmin edilməsi məqsədilə əmək qanunvericiliyi
sahəsində bir sıra məqsədyönlü işlər aparılır. “Bu sırada 169 maddəyə
dəyişikliyi ehtiva edən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində
dəyişikliklər edilməsi haqqında” irihəcmli qanun layihəsinin hazırlandığını
qeyd etmək mümkündür. Sözügedən qanun layihəsinin bir elementi də atalıq
məzuniyyəti ilə bağlıdır”, - deyə A.Kərimov diqqətə çatdırıb.
Nazir müavini
mövcud məsələyə reallıqlar və perspektivlər nöqteyi-nəzərindən baxmağın
vacibliyini qeyd edib. Onun sözlərinə görə, Əmək Məcəlləsi imkan verir ki,
bacı-qardaş, baba-nəvə övladların tərbiyəsində iştirak etsinlər.
Ataların tam
ödənişli əsaslarla məzuniyyətdən istifadə etməsi məsələsi Əmək Məcəlləsində tezliklə
öz həllini tapacaq. A.Kərimov qadın və kişilərin əməkhaqlarında mütənasibliyin
qorunmasını mühüm amillərdən biri kimi dəyərləndirib.
Milli Məclisin
Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova gender
bərabərliyinə əsaslanan valideynlik məzuniyyəti siyasətinin əhəmiyyətindən
danışarkən vurğulayıb ki, ailə cəmiyyət üçün böyük məna və əhəmiyyət ifadə
edir. Ailə dövlətin xüsusi himayəsindədir. Bu məsələ ilə bağlı kifayət qədər
qanunlar var, gender bərabərliyi qanunvericiliklə tənzimlənir.
Bildirilib ki,
güclü ailə həm də güclü dövlət deməkdir. Vətən müharibəsində vuruşan gənclər
müqəddəs ailə dəyərləri və vətənpərvərlik ruhunda tərbiyə olunan gənclərdir.
Milli Məclisin komitə sədri vurğulayıb ki, qadınlarımız bir çox hallarda
hamiləlikdən sonra müəyyən çətinliklərlə qarşılaşırlar və gərgin psixoloji hal
keçirirlər. Qanunvericilikdə yeni doğulmuş uşağa qulluğa görə atalara 14 gün
ödənişsiz məzuniyyət verilir, amma onlar ödənişsiz olduğu üçün və ailəni
dolandırmaq səbəbindən işi buraxmaq istəmirlər. Atalara ödənişli məzuniyyət
verilməsi vacibdir.
Sonra tədbirdə
gender əsaslı valideynlik siyasətinin sosial və iqtisadi səmərələri, eləcə də
bu istiqamətdə qabaqcıl təcrübəyə malik olan ölkələrin təcrübələri ətrafında
geniş müzakirələr aparılıb.
Müzakirələrdə
BMT-nin Əhali Fondunun (UNFPA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin,
Milli Məclis komitələrinin, Gənclər Təşkilatlarının Milli Şurasının (NAYORA),
"Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin, "Gender Hub”
platformasının nümayəndələri iştirak ediblər.