Qarabağın bölgələrindən olan şagirdlər üçün “Təhsil avtobusu – Qayıdış” layihəsi keçiriləcək
Sentyabrın 7-14-də “Azərbaycan üçün öyrət” təhsil proqramı
çərçivəsində Qarabağın bölgələrindən olan şagirdlər üçün “Təhsil avtobusu –
Qayıdış” layihəsi keçiriləcək.
Layihənin məqsədi korporativ sosial məsuliyyət çərçivəsində
təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan
yaradılmaq, şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və
dünyagörüşünün formalaşmasına təsir etmək, onların təhsilə olan marağının
artmasına və qayıdış prosesinə adaptasiyasına şərait yaratmaqdır.
Layihə çərçivəsində işğaldan azad olunan bölgələrin (Şuşa, Ağdam,
Kəlbəcər, Xocalı, Xocavənd, Laçın, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli)
şagirdlərinin yaşadığı və təhsil aldığı rayonların marşrutu üzrə
(Bakı-Sumqayıt-Sabirabad-Ağcabədi-Bərdə-Gəncə-Oğuz-Bakı) səfər təşkil olunacaq.
Layihədə 192-dən çox şagird əhatə olunacaq.
Sentyabrın 14-dək davam edəcək layihə çərçivəsində orta göstəriciləri
zəif və orta olan 6-9-cu sinif şagirdləri üçün Qarabağ mövzuları əsasında
dərslər, peşə, sosial sahibkarlıq, natiqlik, sağlamlıq, incəsənət, motivasiya
istiqamətində təlimlər təşkil olunacaq. Onlar intellektual yarışlarda iştirak
edəcəklər.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”na uyğun həyata keçirilən layihə keyfiyyətli təhsil üçün bərabər
imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır.
“Təhsil Avtobusu – Qayıdış” layihəsi Təhsil Nazirliyinin təşkilatçılığı,
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın
əsas dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat”, “Qarabağa dönüş” ictimai
birliklərinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi,
Azərbaycan Skautlar Assosiasiyası, “SABAH” qrupları, “Bir” tələbə-könüllü
proqramı, Vitam Reklam, “Asmart” yaradıcılıq mərkəzi, “Kids Inc” proqramı,
“Edumap” Təhsil Portalı, “Spatrix”, Azərbaycan İntellektual Klublar
Assosiasiyasının tərəfdaşlığı ilə baş tutacaq.
Qeyd edək ki, “Təhsil avtobusu” yay məktəbi “Azərbaycan üçün
öyrət” təhsil proqramının respublikamızın müxtəlif şəhər və rayonlarını əhatə
edən təhsil marafonudur. 2016, 2017, 2018, 2019-cu illərdə keçirilən “Təhsil
avtobusu” yay məktəbi nəticəsində 8 min 500 km yol qət edilib. Bakı və 17
bölgənin 32 şəhər və 75 kənd-qəsəbə məktəbi, 22 ali və orta ixtisas təhsili
müəssisəsinin 750-dən çox şagird və tələbəsi cəlb olunub. Təlimçi və ekspertlər
tərəfindən 250 akademik saatdan çox təhsil proqramları və komanda-öyrədici
oyunları keçirilib.