150 +994505000150

Lənkəranda tibbi müayinələr və ginekologiya sahəsində çalışan tibb işçiləri üçün seminar təşkil edilib

02 avqust 2021
Paylaş
Lənkəranda tibbi müayinələr və ginekologiya sahəsində çalışan tibb işçiləri üçün seminar təşkil edilib

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə iyulun 30-31-də Lənkəran rayonunda hamilə qadınlar üçün ginekoloji müayinələr və bu sahədə çalışan yerli tibb işçiləri üçün elmi-praktik seminar həyata keşirilib.

RİİB və Səhiyyə Nazirliyinin birgə əməkdaşlığı ilə istifadəyə verilmiş “Hamiləlikdə İnkişaf Portalı” (HİP) layihəsi çərçivəsində təşkil olunan müayinələr Bakıdan ezam olunmuş mama-ginekoloq və radioloqlardan ibarət təcrübəli həkim heyəti tərəfindən Lənkəran Perinatal Mərkəzinin bazasında mövcud karantin rejiminin tələblərinə uyğun olaraq aparılıb. Müayinələr ümumlikdə 100-dən artıq qadını əhatə edib. Aparılan müayinələr zamanı patologiya aşkar olunan qadınların ixtisaslaşmış tibb müəssislərinə müraciət etməsi tövsiyə edilib, yerində müalicə kursu təyin olunub və lazımi məsləhətlər verilib. Həmçinin, müayinələrdə iştirak edən qadınların maarifləndirilmasi məqsədilə info-sessiya təşkil edilib, onlar üçün faydalı məlumatların toplandığı “Hamiləlikdə İnkişaf Portalı” (HİP) haqqında təqdimat keçirilib, sualları cavablandırılıb.

Bildirilib ki, www.hip.az portalının əsas məqsədi gələcək anaların sağlam hamiləlik dövrü keçirməsi, maarifləndirilməsi və sosial fəallığının artırılmasına dəstək verməkdir. Portalda hamiləlik dövründə sağlam qidalanma, düzgün həyat tərzi, vacib tibbi xidmətlərdən istifadə və digər mövzularda ətraflı məlumatlar toplanıb. Həmçinin, portalın İOS və Android əməliyyat sistemləri üçün mobil tətbiq də mövcuddur ki, burada qeydiyyatdan keçmiş xanımlar hamiləlik müddətində həftəlik dəyişikliklər, layihənin yenilikləri, keçiriləcək sosial fəaliyyətlər barədə ətraflı məlumat əldə edə bilirlər.

Tədbirin ikinci günü Lənkəran və yaxın rayonlardan olan, ginekologiya sahəsində çalışan həkimlərin bilik və təcrübələrinin artırılması məqsədilə seminar təşkil olunub. Səhiyyə Nazirliyinin, bir sıra dövlət və özəl tibb müəssislərinin tanınmış həkimlərinin müxtəlif elmi məruzlələrinin dinlənildiyi seminar panellərdə öz işini davam etdirib.

RİİB-in könüllüləri müayinə və seminarın təşkilinə yaxından dəstək olublar. 

Sonda bütün iştiakrçılara sertifikatlar təqdim edilib.

“Sağlam gələcək naminə” devizi ilə keçirilən layihənin respublikanın digər rayon və şəhərlərində də təşkili nəzərdə tutulur.