Tovuz və Ağstafada uşaqların onkoloji müayinələri aparılıb
“Regional İnkişaf” İctimai
Birliyi (RİİB), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial
Xidmətlər Agentliyi və Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Böyük
mübarizənin kiçik qəhrəmanları” adlı sosial layihə çərçivəsində Tovuz və Ağstafa
rayonlarında uşaqların onkoloji müayinələri keçirilib.
Milli Onkologiya Mərkəzinin səyyar
həkim heyəti tərəfindən şişönü və şiş xəstəliklərini erkən müayinədə aşkar edərək
vaxtında müalicəsini aparmaq məqsədilə həyata keçirilən aksiya 1200-dən çox
uşağı əhatə edib. Onlar qalxanabənzər vəzi, boyun şişləri, ultrasəs, döş qəfəsinin
rentgenoskopiyası və digər müayinələrdən keçirilib.
Tovuz və Ağstafa Rayon Mərkəzi
Xəstəxanalarında aparılan müayinələr zamanı bir sıra uşaqlarda şişönü və şiş xəstəlikləri
aşkar olunub, bu xəstəlik riski olanlar tam müayinələrdən keçmək və müalicə
almaq üçün Milli Onkologiya Mərkəzinə dəvət edilib, digər patologiya aşkar
olunan xəstələr müvafiq profilli xəstəxanalara göndərilib, eləcə də yerində məsləhətlər
verilib.
Tibbi müayinələrin digər bölgələrdə
də həyata keçirilməsi nəzərdə tutulur.