150 +994505000150

İnklüziv təhsillə bağlı beynəlxalq elmi konfrans keçirilib

21 dekabr 2020
Paylaş
İnklüziv təhsillə bağlı beynəlxalq elmi konfrans keçirilib

Avropa İttifaqının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) icra etdiyi “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində “İnklüziv təhsil: reallıqlar, çağırışlar və perspektivlər” mövzusunda onlayn beynəlxalq elmi konfrans təşkil olunub. Tədbir Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Kanadanın Konkordia Universiteti (Concordia University of Edmonton) ilə birgə keçirilib.


İkigünlük konfransın açılışında çıxış edən layihə rəhbəri Leyla Tağıyeva bildirib ki, bu layihənin icrası ilə inklüziv təhsil sahəsində kadr potensialının gücləndirilməsi, dərslik və digər əyani vəsaitlərin hazırlanması, inklüziv cəmiyyətin formalaşdırılması üçün ictimai maarifləndirmənin genişləndirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması və digər istiqamətlərdə işlər görülüb. Bununla da “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nda qarşıya qoyulan bir sıra məqsədlərin reallaşdırılmasına töhfə verilib.

ADPU-nun prorektoru Asəf Zamanov qeyd edib ki, layihə kadr hazırlığı işinə bir çox aspektdə faydalı olub. Belə ki, beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanan inklüziv təhsil üzrə təlim modulları universitetdə 4 ixtisas üzrə “İnklüziv təhsil” fənninin proqramına inteqrasiya edilib. Layihə çərçivəsində ADPU və onun filiallarında müasir texnoloji resurs və əyani vəsaitlərlə təmin edilən, kadr hazırlığı üçün faydalı mənbə olan İnklüziv Təhsil Mərkəzləri yaradılıb.

Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas ötən müddət ərzində layihə çərçivəsində dayanıqlı məhsullar hazırlandığını qeyd edib. Səfir, həmçinin bütün şagirdlərin keyfiyyətli təhsil alması üçün elmi tədqiqatlara əsaslanan təlim yanaşmalarının tətbiqinin vacibliyini diqqətə çatdırıb.

Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva inklüziv təhsilin Azərbaycanda təhsil siyasətinin mühüm tərkib hissəsi olduğunu, son dövrlərdə qəbul edilən qanun və proqramlarda inklüziv təhsilə xüsusi yer verildiyini vurğulayıb.

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin Təhsil proqramının rəhbəri Leyla Həsənova Uşaq Fondunun icra etdiyi oxşar layihə çərçivəsində RİİB ilə çoxistiqamətli əməkdaşlıq edildiyini bildirib. O, həmçinin inklüziv təhsilin yalnız əlilliyi olanların deyil, bütün uşaqların bərabər və keyfiyyətli təhsil almasını təşviq edən anlayış kimi təbliğ olunmasının vacibliyini diqqətə çatdırıb.

Təqdimatlar bölümündə “İnklüziv təhsilin dəstəklənməsi: nələr səmərəlidir, nələr deyil?” mövzusunda təqdimatla çıxış edən Kanadanın Konkordia Universitetinin prezidenti Timoti Lorman inklüziv təhsilin milli və beynəlxalq kontekstdə daim təkmilləşən bir proses olduğunu və mütəmadi islahatlar aparmaqla buna hazırlıqlı olmağın vacibliyini qeyd edib.

Daha sonra beynəlxalq təhsil eksperti Piter Qrayms, inklüziv təhsil üzrə beynəlxalq ekspert Marike Stivens, İnklüziv Təhsil Mərkəzinin direktor müavini Amelia Roberts və Portuqaliya Təhsil İdarəsinin direktoru Filomena Pereira inklüziv təhsilin uğurlu tətbiqi üçün yol xəritəsi, müəllim inkişafına dair beynəlxalq təcrübə və tendensiyalar, inklüziv təhsili dəstəkləmək üçün tədris prinsipləri, bu sahədə beynəlxalq təcrübə və perspektivlərə dair məruzə və təqdimatlarla çıxış ediblər.

200-dən çox yerli və beynəlxalq ekspert, inklüziv təhsil üzrə mütəxəssis, gənc tədqiqatçıların iştirakı ilə keçən tədbirdə, həmçinin inklüziv təhsilin fəlsəfi əsasları, hüquqi aspektləri və digər istiqamətlərdə məruzələr dinlənilib, müzakirələr aparılıb.


FOTO