“Sosial Məşğulluq Mərkəzi” layihəsinin icrasına başlanılıb
“Əlil
Sahibkarlar Təşkilatı” İctimai Birliyi tərəfindən müsabiqəyə təqdim edilən
layihənin başlıca məqsədi əlilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması və onların məşğulluq
imkanlarının artırılmasıdır. Həmçinin bu layihə əlilliyi olan şəxslərin
təlim
və təcrübə müddətində əldə etdikləri biliklər
əsasında əmək bazarının tələblərinə uyğun kadr kimi formalaşmağında mühüm rol
oynayacaqdır.
Layihənin icrası müddətində
Sumqayıt şəhərində yerləşən mərkəzdə 18-55 yaş aralığında əlilliyi olan şəxslərə
mobil telefon ustası, dərzilik, foto və video operator peşələri üzrə nəzəri və praktiki
biliklər öyrədiləcək. İlkin mərhələdə hər peşə üzrə 10 nəfər olmaqla, ümumilikdə
30 nəfəri əhatə edəcək layihə müddətində müvafiq sahələr üzrə mütəxəssislər
tərəfindən nəzəri biliklərin öyrədilməsi ilə yanaşı, iştirakçılar seçdikləri
peşəyə uyğun praktiki biliklərə də sahib olacaqlar. Bununla yanaşı, layihə
iştirakçılarının hər biri müvafiq peşələr üzrə lazımi avadanlıqlarlə təmin
olunacaq.
Xatırladaq ki,
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq çərçivəsində həyata keçirilən
“Sosial layihələr” müsabiqəsi vətəndaş cəmiyyətinin
inkişafı və təşəbbüskarlıq mühitinin formalaşdırılması
məqsədi ilə cəmiyyət üzvlərinin fiziki, sosial,
intellektual və mənəvi inkişafının təmin edilməsi, habelə həyat və
sağlamlığının qorunması, elm və təhsilin inkişafı, innovativ ideyaların
reallaşdırılması və maarifləndirmə işinin təkmilləşdirilməsi, təbiət və ətraf
mühitin mühafizəsi, cəmiyyətdə tolerant və inklüziv mühitin qorunması və bu sahədə
bərabər imkanların yaradılmasına dair təşəbbüsləri və digər sosial layihələri əhatə
edir.