150 +994505000150

Lənkəranda III Çay, Çəltik, Sitrus Festivalı keçirilib

26 noyabr 2019
Paylaş
Lənkəranda III Çay, Çəltik, Sitrus Festivalı keçirilib

Noyabrın 24-də Lənkəran Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “III Çay, Çəltik, Sitrus Festivalı” keçirilib. Festival səhər saatlarında şəhərin Heydər Əliyev xatirə parkında başlayıb və günboyu davam edib.

Azərbaycanın dövlət atributları və Lənkəranın simvolunu əks etdirən fotostendlərlə bəzədilmiş parkda “Çayımızın dadı var”, “Süfrələrin bəzəyi - Lənkəranın düyüsü”, “Sitrus bağlarının möcüzəsi”, “Gözəlliyi damla-damla topladıq”, “Qonaq evin ruzi-bərəkətini artırar”, “Lənkəranın şirnisi - ağız dadımız”, “Cənnət görmək istəyən Lənkərana gəlsin” və digər pavilyonlar quraşdırılıb, bəzəkli vitrinlərdə Lənkəranda istehsal olunan çay, çəltik, sitrus, digər növ ərzaq və sənaye məhsulları, xalq sənətkarlığı nümunələri nümayiş etdirilib, yerli müəssisələr, fermerlər, turizm obyektləri tərəfindən iştirakçılar üçün təbii çay və müxtəlif şirniyyatlardan, çərəzlərdən ibarət çay dəstgahı təşkil olunub. Bundan başqa festival iştirakçılarına rayonun ən bacarıqlı və təcrübəli aşpazlarının yüksək keyfiyyətli yerli düyü sortları olan “Haşimi”, “Sədri”, “Appolla” “Campo” və s. düyülərindən bişirdikləri 50 növdən çox plov, eyni zamanda Lənkəran mətbəxinin məşhur ləvəngisindən hazırlanmış xörəklər və müxtəlif çeşidli kabablar təqdim olunub.

“Regional İnkişaf” İctimai Birliyinin Lənkəran regionu üzrə könüllüləri tədbirin təşkilində yaxından iştirak ediblər.

Festivalda həmçinin bədii özfəaliyyət kollektivləri ədəbi-bədii kompozisiyalarla çıxış edib, rəngarəng müsiqi nömrələri ifa olunub, gənclərin və idmançıların iştirakı ilə intellektual-əyləncəli proqramlar göstərilib.