Azərbaycan Dövlət Pedaqoji Universitetində İnklüziv Təhsil Mərkəzinin açılışı olub
Avropa İttifaqının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən həyata keçirilən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində İnklüziv Təhsil Mərkəzinin açılışı olub.
Tədbirdə
Təhsil Nazirliyinin sifarişi və Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən
“Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqların artırılması” layihəsinin
ölkəmizdə milli təhsil modelinin inkişafı, müəllimlərin bilik
və bacarıqlarının artırılması, inklüziv cəmiyyətin inkişafında vacib layihələrdən
biri olduğu qeyd edilib.
“Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi
Cəmil Əliyev layihə çərçivəsində bugünədək Azərbaycan Dövlət Pedoqoji
Universiteti və onun Ağcabədi, Cəlilabad, Quba, Şamaxı və Şəki rayonlarında
fəaliyyət göstərən filiallarında İnklüziv Təhsil Mərkəzlərinin yaradıldığını,
650-dən çox ibitdai sinif müəllimi və 250-dən çox universitet müəlliminin
beynəlxalq təcrübəyə əsaslanan təlim proqramlarına cəlb edildiyini, inklüziv
təhsilə dair dərslik, tədris proqramları və müxtəlif çap materillarının
hazırlandığını bildirib.
Ölkəmizdə inklüziv cəmiyyətin inkişafı
istiqamətində geniş təbliğat-təşviqat işlərinin aparıldığı, bu istiqamətlərdə
işlərin bundan sonra da davam etdiriləcəyi qeyd
olunub.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyin rəhbəri Kestutis Yankauskas təhsildə xüsusi ehtiyacları olan uşaqlar da daxil olmaqla hamı üçün keyfiyyətli təhsilin vacibliyini vurğulayıb. Səfir qeyd edib ki, müəllimlər inklüziv təhsilin tətbiqində mərkəzi rol oynamaqla, məktəb, uşaq və valideyn arasında körpü rolunu həyata keçirir. Onun sözlərinə görə, müəllimlər üzərində bu məsuliyyəti nəzərə alaraq, müəllim bacarıqlarının artırılması və inklüziv təhsili icra edəcək yeni nəsil müəllimlərin yetişdirilməsinə yatırım edilməsi önəmlidir.
Təhsil Nazirliyinin sektor müdiri Orxan
Abbasov ölkəmizdə inklüziv cəmiyyətin inkişaf etdirilməsinin dövlətin
sosial siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən edildiyini və “2018–2024-cü illərdə Azərbaycan
Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin
inkişafı üzrə Dövlət Proqramı”nın bu sahədə atılmış vacib addımlardan olduğunu
vurğulayıb. Sözügedən layihənin Dövlət Proqramında nəzərdə tutulan
tədbirlərin mərhələli şəkildə həyata keçirilməsinə xidmət etdiyi diqqətə
çatdırılıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru
Cəfər Cəfərov layihə çərçivəsində yaradılan 6 İnklüziv Təhsil Mərkəzinin
müvafiq sahədə pedoqoji kadr hazırlığında əhəmiyyətli rol oynayacağını, layihə
bitdikdən sonra da bu istiqamətdə işlərin davam etdiriləcəyini bildirib.
Layihə rəhbəri Leyla Tağıyeva İnklüziv Təhsil
Mərkəzlərinin fəaliyyəti barədə məlumat verərək həmin mərkəzlərin məqsədinin
ali və orta təhsil müəssisələrində çalışan müəllimlər arasında vasitəçi olmaqla
inklüziv təhsil üzrə bilik və təcrübə mübadiləsinin aparılmasında, müəllimlərin
peşəkar inkişafı, inklüziv dəyərlərin yayılmasında vacibliyini bildirib.
Tədbir zamanı www.inkluzivtehsil.az
portalının təqdimatı da olub.