150 +994505000150

Gəncədə “Yollarda təhlükəsiz davranışı həyat tərzinə çevirək” adlı konfrans keçirilib

30 sentyabr 2019
Paylaş
Gəncədə “Yollarda təhlükəsiz davranışı həyat tərzinə çevirək” adlı konfrans keçirilib

Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə Gəncədə Yol Hərəkəti Təhlükəsizliyi həftəsi çərçivəsində “Yollarda təhlükəsiz davranışı həyat tərzinə çevirək” adlı konfrans təşkil olunub.

Heydər Əliyev Mərkəzində keçirilən konfransda əvvəlcə Azərbaycan Avtomobil Federasiyası tərəfindən hazırlanmış və yol hərəkəti təhlükəsizliyinə həsr olunmuş videoçarx izlənilib.

Konfransda yol hərəkətinin təhlükəsizliyi istiqamətində ölkəmizdə görülmüş işlər və Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il dekabrın 27-də qəbul olunmuş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” barədə məlumat verilib.

Dövlət Proqramında nəzərdə tutulmuş təbliğat və təşviqat işləri ilə bağlı danışan AAF-ın baş katibi Anar Şükürov “Yol hərəkəti təhlükəsizliyində könüllülərin rolu” layihəsini təqdim edib.

Bildirilib ki, layihənin məqsədi ölkəmizdə aparılan gənclər siyasətinə, eləcə də dövlətimizin bu istiqamətdə gördüyü işlərə dəstək vermək, yol hərəkəti təhlükəsizliyində ictimai iştirakı təmin etmək, tələbələr arasında birbaşa maarifləndirmə kampaniyaları aparmaq, yol hərəkəti təhlükəsizliyi sahəsində problemlərin aradan qaldırılmasına töhfə vermək və gənclərin yol hərəkəti qaydalarına riayət etməsini təmin etməkdə birbaşa yardımçı olmaqdır.

Sonra yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov nəqliyyat hüququ, bu sahədə beynəlxalq konvensiyalar, ölkəmizdəki normativ-hüquqi aktlar, eləcə də yol hərəkəti təhlükəsizliyinin ümumi vəziyyəti, yol hərəkəti iştirakçılarının təhlükəsiz davranışı, həmçinin sürücü və piyadaların vəzifə və öhdəlikləri, sürücülük mədəniyyətinin yüksəldilməsi istiqamətində görülmüş işlərdən danışıb.

Konfransda “Regional İnkişaf” İctimai Birliyinin layihələr şöbəsinin müdiri Cəmil Əliyevin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Ramin Bayramovun mövzu ətrafında çıxışları olub. Çıxışlarda regionlarda yol hərəkəti təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işlərinin aparılmasının zəruriliyi qeyd edilib.