150 +994505000150

Qubada “Talassemiyasız həyat naminə” 5-ci regional simpozium keçirilib

16 mart 2019
Paylaş
Qubada “Talassemiyasız həyat naminə” 5-ci regional simpozium keçirilib

Martın 16-da Quba şəhərində Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Talassemiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Talassemiyasız həyat naminə” 5-ci regional elmi simpozium və ödənişsiz tibbi müayinələr keçirilib.

Simpoziumda çıxış edən Talassemiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov ölkədə səhiyyə sahəsində, o cümlədən talassemiyalı xəstələrə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlardan danışıb. Bildirib ki, həyata keçirilən işlər, eyni zamanda maddi-texniki bazanın gücləndirilməsi bu xəstəliyin müalicəsində və profilaktikasında mühüm rol oynayır.  

Tədbirdə Talassemiya Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin birgə layihələri, respublikanın müxtəlif bölgələrində keçirilən maarifləndirici tədbirlər barədə də məlumat verilib. Bildirilib ki, indiyədək Mingəçevir, Qax, Şirvan və Lənkəranda “Talassemiyasız həyat naminə” şüarı ilə regional simpoziumlar və ödənişsiz tibbi müayinələr keçirilib.

Tədbir elmi sessiyalarla davam edib, talassemiyanın müalicə və diaqnostikası, qarşısının alınması yolları və bu sahədə Talassemiya Mərkəzinin təcrübələri, xəstəliyin laborator və prenatal diaqnozu, infeksion və kardiak ağırlaşmalar və psixososial problemlərə dair məruzələr ətrafında müzakirələr aparılıb.

Layihə çərçivəsində Talassemiya Mərkəzinin mütəxəssisləri Quba Rayon Mərkəzi Xəstəxanasında talassemiyalı xəstələrin müalicəsi üzrə kabinetlərin işi ilə tanış olublar. Həmçinin Quba Rayon Mərkəzi Xəstəxanasında talassemiya daşıyıcılığını müəyyən etmək məqsədilə ödənişsiz tibbi müayinələr təşkil olunub.