150 +994505000150

Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarında onkoloji müayinələr təşkil olunub

25 may 2018
Paylaş
Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarında onkoloji müayinələr təşkil olunub

Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi (MOM) və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə növbəti onkoloji müayinələr keçirilib.

5 gün davam edən müayinələr Milli Onkologiya Mərkəzinin 16 nəfərlik yüksək ixtisaslı həkim briqadası tərəfindən müasir tibbi-texniki avadanlıq və vasitələrlə təchiz olunmuş Səyyar Diaqnostik Kompleksdə və Füzuli Tibb Mərkəzində aparılıb. Müayinələrdən müxtəlif yaş qruplarından olan 2500-dən çox vətəndaş yararlanıb.

“Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri və könüllüləri vətəndaşların müayinələrə cəlb olunmasında fəal iştirak ediblər.

Aparılan müayinələr zamanı risk qrupuna aid olan 30-dan çox region sakini, o cümlədən onkoloji xəstəlik ilk dəfə aşkarlanmış 18 nəfər tam müayinələrdən keçmək və müalicə almaq üçün Milli Onkologiya Mərkəzinə dəvət edilib, 100-ə yaxın onkoloji xəstə isə Mərkəzə gəlmədən təkrar müayinələrdən keçmək imkanı qazanıb.Digər patologiya aşkar edilən xəstələrə yerində məsləhətlər verilərək, müvafiq profilli xəstəxanalara yönləndiriliblər.

Xatırladaq ki, layihənin məqsədi skrininq, şişönü və şiş xəstəliklərini erkən aşkar edərək vaxtında dəqiq müayinə və müalicəsini aparmaq, eyni zamanda region sakinlərinə daha rahat və keyfiyyətli tibbi xidmətdən yararlanma imkanı yaratmaqdır.

Bu cür tibbi aksiyaların gələcəkdə respublikanın digər bölgələrində də keçirilməsi nəzərdə tutulur.

 

FOTO