Bakı Dövlət Universitetində “Zəfərdən gələcəyə” Gənclər Forumu keçirilib
6 noyabr 2026
Paylaş
Bakı Dövlət Universiteti, “Regional İnkişaf” İctimai Birliyi və “BDU könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Zəfər ayı” layihəsi çərçivəsində “Zəfərdən gələcəyə” Gənclər Forumu keçirilib.
Açılış mərasimində çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov və “Regional İnkişaf” İctimai Birliyinin layihə rəhbəri Orucəli Abbaszadə Zəfər Gününün Azərbaycan xalqının tarixindəki xüsusi əhəmiyyətindən, milli birlik və dövlətçilik dəyərlərinin qorunmasında gənclərin rolundan bəhs edib.
Daha sonra çıxış edən İkinci Qarabağ müharibəsinin qazisi Fəxri Ağayev isə müharibənin gedişi, Azərbaycan Ordusunun döyüş hazırlığı və peşəkarlığı, eləcə də Zəfərin tarixi əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Bədii hissədən sonra forum panel sessiya ilə davam edib.
Paneldə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Şahin İsmayılov, “Regional İnkişaf” İctimai Birliyinin layihə rəhbəri Orucəli Abbaszadə, Siyasi analitik və Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yeganə Hacıyeva, eləcə də BDU-nun Karyera və məzunlarla iş mərkəzinin Məzunlarla iş şöbəsinin müdiri Jalə Bənnayeva çıxış ediblər.
Çıxışlarda tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi, gənclərin dövlətçilik dəyərlərinə bağlılığı, vətənpərvərlik, informasiya müharibəsi, müasir texnologiyalar və əmək bazarının dəyişən tələblərinə uyğunlaşma məsələləri müzakirə olunub, tələbələrin sualları cavablandırılıb.

