“Güclü cəmiyyətin zərif simaları” layihəsinin yekun konfransı keçirilib
2 noyabr 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “Güclü cəmiyyətin zərif simaları” layihəsinin yekun konfransı keçirilib.
Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Layihəyə həsr olunmuş videoçarx nümayiş etdirilib, daha sonra açılış nitqləri dinlənilib.
Çıxış edən Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva cəmiyyətin davamlı inkişafında insan kapitalının gücləndirilməsinin və hər kəs üçün bərabər imkanların yaradılmasının əhəmiyyətini vurğulayıb. O, bu sahədə həyata keçirilən dövlət siyasətinin qadın və qızların potensialının reallaşdırılması, onların cəmiyyət həyatında fəal iştirakının dəstəklənməsi baxımından mühüm rol oynadığını qeyd edib. Qadınların təhsil, məşğulluq, sahibkarlıq və qərarvermə proseslərində iştirakının genişləndirilməsinin ölkənin inkişafına mühüm töhfə verdiyini bildirib.
Dövlət Komitəsinin dövlət qurumları, özəl sektor və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa xüsusi önəm verdiyini bildirən A.Sofiyeva “Regional İnkişaf” İctimai Birliyi ilə birgə həyata keçirilən layihələri dövlət-vətəndaş cəmiyyəti tərəfdaşlığının uğurlu nümunəsi kimi dəyərləndirib. O, “Güclü cəmiyyətin zərif simaları” layihəsinin qızların bilik və bacarıqlarının, liderlik keyfiyyətlərinin və özünəinamının inkişafına, ictimai fəallıqlarının artırılmasına xidmət etdiyini diqqətə çatdırıb. A.Sofiyeva layihənin əhəmiyyətinin yalnız iştirakçıların fərdi inkişafı ilə məhdudlaşmadığını, qadınların potensialının reallaşdırılmasının bütövlükdə cəmiyyətin sosial-iqtisadi tərəqqisinə və güclənməsinə töhfə verdiyini vurğulayıb.
Daha sonra “Regional İnkişaf” İctimai Birliyinin Təlim, inkişaf və innovasiya şöbəsinin müdiri Pərvanə Hacıyeva, Dövlət Komitəsi ilə birgə ailə institutunun möhkəmləndirilməsi və qadınların, uşaqların hüquqlarının müdafiəsi istiqamətində mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirildiyini bildirib. O, Erkən Uşaqlıq Dövründə İnkişaf Kampaniyası, “Çempion ailələr”, Ailə festivalı və “Hüquqlarınla parla” layihəsi kimi təşəbbüslərin bu əməkdaşlığın uğurlu nümunələrindən olduğunu qeyd edib. Həyata keçirilən təşəbbüslərin dövlət siyasətinə dəstək olmaqla yanaşı, cəmiyyətdə maarifləndirmənin genişləndirilməsinə və bu sahələrə diqqətin artırılmasına xidmət etdiyini deyib.
Konfrans çərçivəsində Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Quliyeva layihənin təqdimatını edib. O, 2024-cü ildən etibarən icra olunan “Güclü cəmiyyətin zərif simaları” layihəsinin qızların bilik və bacarıqlarının, liderlik keyfiyyətlərinin və özünəinamının inkişafına, həmçinin ictimai fəallıqlarının artırılmasına xidmət etdiyini qeyd edib. Bildirib ki, üç il ərzində layihə 20 şəhər və rayonu əhatə edib, 31 qadın ekspert prosesə cəlb olunub və görüşlərdə 4000-ə yaxın qız və qadın iştirak edib.
Ardınca layihə ekspertləri çıxış edərək layihə ilə bağlı təəssüratlarını bölüşüb, təşəbbüsün əhəmiyyətini vurğulayıblar.
Milli Məclisin Gənclər və İdman Komitəsinin sədr müavini, millət vəkili Könül Nurullayeva, Azərbaycan qadınının təkcə ictimai-siyasi fəaliyyəti ilə deyil, eyni zamanda dövlətçiliyin və milli-mənəvi dəyərlərin qorunmasında hər zaman mühüm rol oynayan güc mərkəzi olduğunu bildirib. O, müasir dövrdə qadınların elm, incəsənət, texnologiya və iqtisadiyyatın müxtəlif sahələrində aktiv təmsil olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyini qeyd edib.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini, “Yüksəliş” müsabiqəsinin qalibi Xanım Daşdəmirova layihədə uğurlarla yanaşı uğursuzluqların da müzakirə olunduğunu, bunun qızlarda böyük motivasiya yaradaraq onlara çətinliklərə qalib gəlməyə dəstək olduğunu deyib. O qeyd edib ki, hər bir xanım öz həyat hekayəsini, arzularını və qarşılaşdıqları çətinlikləri bölüşərək bir-birlərinə dəstək olublar.
ASAN İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Aysel Cəbrayılova, bu təşəbbüsün gənclərə həm peşəkar, həm də şəxsi inkişafda mühüm dəstək olacağını bildirib. O, belə layihələrin gənclərin bacarıqlarını inkişaf etdirilməsində, potensialının reallaşdırılmasında böyük rol oynayacağını deyib.
Konfransın sonunda layihənin həyata keçirilməsinə verdikləri töhfəyə görə ekspertlər mükafatlandırılıblar.
Tədbir bədii proqramla başa çatıb.

