150 +994505000150

Bakıda I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı keçirilib

18 oktyabr 2026
Paylaş
Bakıda I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı keçirilib

Oktyabrın 15–16-da Bakıda Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, “Regional İnkişaf” İctimai Birliyi və “Birgə və Sağlam” İctimai Birliyinin birgə təşkilatçılığı, “AzerGold” QSC-nin baş sponsorluğu, bp Azərbaycan, Kapital Bank, Azərbaycan Hava Yolları və “Air Arabia”nın sponsorluğu, SOCAR Midstream Gas Operations-un əsas tərəfdaşlığı, Dövlət Məşğulluq Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin tərəfdaşlığı ilə I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı təşkil olunub.

İrlandiya, Fransa, Türkiyə və digər ölkələrdən tanınmış ekspertlərin, dövlət qurumları, beynəlxalq təşkilatlar, özəl sektor, akademik dairələr və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirak etdiyi konfransda inklüziv məşğulluğun inkişaf perspektivləri, beynəlxalq təcrübələr və mövcud çağırışlar müzakirə edilib. Tədbirin açılış mərasimində bu sahədə həyata keçirilən təşəbbüslər və uğurlu layihələr təqdim olunub.


Daha sonra “Autizmli gənclərin əmək həyatına inteqrasiyası: şəxsi təcrübələr”, “Azərbaycanda inklüziv məşğulluq sahəsində uğurlu təcrübələr”, “İnklüziv məşğulluq sahəsində qabaqcıl beynəlxalq təcrübə və yanaşmalar”, “İnklüziv məşğulluğun inkişafında cəmiyyətin rolu və məşğulluq siyasəti” mövzularında panel sessiyalar təşkil edilib. Konfransın ikinci günündə isə müxtəlif praktiki təlimlər keçirilib.


Konfransın əsas məqsədi inklüziv məşğulluq sahəsində beynəlxalq təcrübənin Azərbaycanda tətbiqini təşviq etmək, dövlət və özəl sektor arasında əməkdaşlığı genişləndirmək, işəgötürənləri əlçatan və inklüziv iş mühitinin yaradılması istiqamətində maarifləndirmək, eləcə də autizmli və digər əlilliyi olan şəxslərin dayanıqlı məşğulluq imkanlarının artırılmasını dəstəkləmək olub.


FOTO