150 +994505000150

"Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində II Dayanıqlı Karyera Yarmarkası keçirilib

11 sentyabr 2026
Paylaş
"Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində II Dayanıqlı Karyera Yarmarkası keçirilib

Sentyabrın 11-də Qoşulmama Hərəkatı Gənclər Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “ASAN kadr” karyera mərkəzi və Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının tərəfdaşlığı ilə "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində II Dayanıqlı Karyera Yarmarkası keçirilib.

Əsas məqsəd gəncləri yaşıl və dayanıqlı inkişaf sahəsində formalaşan karyera istiqamətləri ilə tanış etmək, onları gələcəyin əmək bazarını formalaşdıran mütəxəssis və imkanlarla əlaqələndirmək, eləcə də dayanıqlı inkişafı perspektivli peşəkar fəaliyyət istiqaməti kimi təşviq etməkdir.
7 saylı Bakı “ASAN xidmət” mərkəzində təşkil olunan tədbirin açılış mərasimində “ASAN Könüllüləri” Təşkilatının sədri Aysiman Quliyeva, COP29 Sədrliyinin Gənclər üzrə İqlim Çempionu, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Leyla Həsənova, “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova və Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının icraçı direktoru Ceyhun Atayev çıxış ediblər. Çıxışlarında gənclərin dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat sahəsində yaranan yeni karyera imkanları barədə məlumatlandırılmasının, onların bilik və bacarıqlarının inkişaf etdirilməsinin, eləcə də gənclərlə peşəkarlar arasında birbaşa əlaqələrin qurulmasının əhəmiyyətini vurğulayıblar.
Tədbir çərçivəsində “Həvəsdən peşəyə: karyera qurmaq, təsir yaratmaq” mövzusunda panel müzakirəsi keçirilib, müxtəlif sahələri təmsil edən mütəxəssislər öz peşəkar təcrübələrini və dayanıqlılıq istiqamətində fəaliyyətlərini iştirakçılarla bölüşüblər.
Daha sonra gənclər müxtəlif qurum və şirkətlərin nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, karyera və təcrübə imkanları barədə məlumat almaq, həmçinin CV-lərini təqdim etmək imkanı əldə ediblər.