150 +994505000150

“Naxçıvan gəncləri üçün liderlik məktəbi” layihəsi başa çatıb

19 iyun 2026
Paylaş
“Naxçıvan gəncləri üçün liderlik məktəbi” layihəsi başa çatıb

"Regional İnkişaf" İctimai Birliyinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Naxçıvan Təlim Mərkəzinin dəstəyi ilə keçirilən “Naxçıvan gəncləri üçün liderlik məktəbi” layihəsi başa çatıb.

Son olaraq təlimçi Tofiq Sadıxov tərəfindən “Xarizmatik liderlik” mövzusunda təlim keçirilib. Təlim zamanı iştirakçılara xarizmatik liderliyin əsas prinsipləri, liderlik keyfiyyətlərinin formalaşdırılması, təsirli ünsiyyət və motivasiya bacarıqları, komandanın idarə olunmasında liderin rolu, eləcə də şəxsi nüfuzun və inamın yaradılması üsulları barədə ətraflı məlumat verilib, mövzu üzrə praktiki nümunələr əsasında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Daha sonra layihənin davamlılığının təmin olunması məqsədilə “Naxçıvan Gənclər Parlamenti”nə seçkilər keçirilib, namizədlərin təqdimatları və debat mərhələsindən sonra səs çoxluğu ilə Parlament rəhbəri seçilib. Eyni zamanda iştirakçılara gələcək təhsil və karyera planlamasında istifadə edə biləcəkləri SWOT analiz metodu təqdim olunub.
Tədbirin davamında Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İlahə Haqverdiyeva və “Regional İnkişaf” İctimai Birliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Günay Cəfərli çıxış edərək layihənin gənclərin şəxsi inkişafı, liderlik potensialının üzə çıxarılması və ictimai fəallığının artırılması baxımından əhəmiyyətini vurğulayıb, iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Layihənin yekun mərhələsində iştirakçılar proqram boyunca keçdikləri mövzuları əhatə edən sual və tapşırıqlardan ibarət yekun qiymətləndirmə imtahanında iştirak edib. İmtahanı uğurla tamamlayan gənclərə “Naxçıvan Liderlik Məktəbi” layihəsinin məzunu olduqlarını təsdiq edən sertifikatlar təqdim edilib.
Qeyd edək ki, layihənin əsas məqsədi gənclərin liderlik və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirmək, onların yeni bilik və təcrübələr qazanmasına dəstək vermək, effektiv kommunikasiya və yaradıcı düşüncə kimi keyfiyyətlərə yiyələnmələrinə imkan yaratmaq olub.