“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsi başa çatıb
İyunun 12-14 də Gənclər və İdman Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, Qərbi Azərbaycan İcması, “ASAN Könüllüləri” Təşkilatı və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Göygöl rayonunda “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsi keçirilib.
Düşərgə çərçivəsində iştirakçılara “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Bəxtiyar Əliyev tərəfindən “Kommunikasiya və ictimai çıxış” mövzusunda, təlimçi Cəsur Mədətzadə tərəfindən komanda quruculuğu mövzusunda, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rəhbəri Nicat Əmiraslanov tərəfindən İnnovasiya və Süni İntellekt mövzularında və təlimçi Raul Abbaszadə tərəfindən “Qərbi Azərbaycan – Qayıdış Konsepsiyasının müddəaları” mövzusunda təlimlər keçirilib.
Düşərgədə həmçinin Qərbi Azərbaycanlıların doğma torpaqlarına qayıdışı mövzusuna həsr olunmuş “Nəsil ağacı” adlı sənədli filminin nümayişi olunub və “ASAN Könüllüləri” Təşkilatının əməkdaşı Leyla Babaşova tərəfindən ərazi üzrə xəzinə intellektual oyunu keçirilib.
Düşərgənin sonunda bağlanış mərasimi keçirilib və bütün iştirakçılar sertifikatlarla təltif olunub.
Qeyd edək ki, düşərgənin əsas məqsədi ölkəmizin müasir tarixinin aktual mövzuları və Qərbi Azərbaycan həqiqətləri ilə bağlı gənclərin daha geniş məlumatlandırılması, onların proqram əsaslı fəaliyyətə cəlb olunması, eyni zamanda Azərbaycan həqiqətlərinin yerli və beynəlxalq ictimaiyyət arasında sistemli şəkildə təbliğində gənclərin fəallığının təşviq edilməsi olub.

