150 +994505000150

“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Xankəndi şəhərində görüş keçirilib

8 iyun 2026
Paylaş
“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Xankəndi şəhərində görüş keçirilib

İyunun 5-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə icra edilən “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Xankəndi şəhərində görüş keçirilib.

Qarabağ Universitetində təşkil olunan tədbirin açılışında iştirakçıları salamlayan Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşı Ədibə Quliyeva layihənin regionlarda yaşayan qadınların və gənc qızların inkişafına yönəlmiş əhəmiyyətli təşəbbüslərdən biri olduğunu bildirib, onların cəmiyyət həyatında daha fəal iştirakının vacibliyini vurğulayıb. Daha sonra Qarabağ Universitetinin Tələbələrlə iş mərkəzinin direktoru Gülşən Qasımzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Quliyeva və “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Aytac Əjdərli çıxış edərək ölkəmizdə qadınların səlahiyyətləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti, qadınların şəxsi və peşəkar inkişafı üçün yaradılan imkanlar, eləcə də regionlarda təşkil olunan maarifləndirici və motivasiyaedici layihələrin əhəmiyyətindən bəhs ediblər.
Görüş müxtəlif sahələrdə uğur qazanan qadınların TEDx formatında çıxışları ilə davam edib. Azərbaycan Memarlıq İttifaqının katibi Şeyda Novruzzadə və ASAN İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Aysel Cəbrayılova öz uğur hekayələri, təcrübələri və fəaliyyət istiqamətləri barədə iştirakçılarla bölüşərək şəxsi inkişaf, liderlik və motivasiya mövzularında fikir mübadiləsi aparıblar. Çıxışlardan sonra iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, layihə regionlarda yaşayan qadınların, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, onların ictimai fəallığını təşviq etmək məqsədilə həyata keçirilir.