“Rəqəmsal sənət” adlı süni intellekt sərgisi layihəsi başa çatıb
“Regional İnkişaf” İctimai Birliyi və "BDU könüllüləri" təşkilatının təşkilatçılığı ilə Bakı Dövlət Universitetində keçirilən “Rəqəmsal sənət” adlı süni intellekt sərgisi layihəsi başa çatıb.
Layihənin bağlanış tədbirində Bakı Dövlət Universitetinin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov və “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova çıxış edərək bu kimi layihələrin gənclərin innovativ düşüncə tərzinin formalaşmasında və rəqəmsal bacarıqlarının inkişafında mühüm rol oynadığını vurğulayıb, layihənin gənclər üçün yeni bilik və təcrübələrin qazanılması baxımından faydalı platforma olduğunu qeyd edib, iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbirin davamında təlimçi İsmayıl Zeynalov və Lalə İbadullayeva tərəfindən “Bakı Şəhərsalma və memarlıq ili” mövzusunda təlim keçirilib. Təlimdə iştirakçılara süni intellekt alətlərindən istifadə etməklə Bakı şəhərinin memarlıq irsinin və müasir şəhərsalma konsepsiyalarının rəqəmsal sənət vasitəsilə necə təsvir edilə biləcəyi, vizual məzmunların hazırlanması və yaradıcı ideyaların rəqəmsal formatda təqdim olunması barədə məlumat verilib.
Tədbirin sonunda layihə çərçivəsində seçilən kreativ işlərin müəlliflərinə mükafat və diplom təqdim olunub, iştirakçılar isə sertifikatlarla təltif olunub.
Qeyd edək ki, layihənin əsas məqsədi gənclərin süni intellekt texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması, onların yaradıcılıq potensialının üzə çıxarılması, rəqəmsal sənətə marağının təşviq edilməsi və innovativ düşüncə tərzinin formalaşdırılmasına dəstək göstərmək olub.

