150 +994505000150

“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Lənkəran şəhərində görüş keçirilib

26 may 2026
Paylaş
“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Lənkəran şəhərində görüş keçirilib

Mayın 25-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə icra edilən “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Lənkəran şəhərində görüş keçirilib.

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirin açılışında iştirakçıları salamlayan Lənkəran Şəhər İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Təbriz Həsənzadə layihənin regionlarda yaşayan qadınların və gənc qızların inkişafına yönəlmiş əhəmiyyətli təşəbbüslərdən biri olduğunu bildirib, onların cəmiyyət həyatında daha fəal iştirakının vacibliyini vurğulayıb. Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Quliyeva və “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Jalə Muradova çıxış edərək ölkəmizdə qadınların səlahiyyətləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti, qadınların şəxsi və peşəkar inkişafı üçün yaradılan imkanlar, eləcə də regionlarda təşkil olunan maarifləndirici və motivasiyaedici layihələrin əhəmiyyətindən bəhs ediblər.
Görüş müxtəlif sahələrdə uğur qazanan qadınların TEDx formatında çıxışları ilə davam edib. "DADDI" Sosial Sahibkarlıq Müəssisəsinin rəhbəri Məhbubə Əliyeva və peşəkar kouç Fərqanə Məmmədova öz uğur hekayələri, təcrübələri və fəaliyyət istiqamətləri barədə iştirakçılarla bölüşərək şəxsi inkişaf, liderlik və motivasiya mövzularında fikir mübadiləsi aparıblar. Çıxışlardan sonra iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, layihə regionlarda yaşayan qadınların, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, onların ictimai fəallığını təşviq etmək məqsədilə həyata keçirilir.