“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində İsmayıllı rayonunda görüş keçirilib
25 may 2026
Paylaş
Mayın 22-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə icra edilən “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində İsmayıllı rayonunda görüş keçirilib.
Tədbirin açılışında qonaqları salamlayan İsmayıllı Rayon İcra Hakimiyyətinin Ərazi təşkilat və ictimai-siyasi məsəslələr şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nəsimi Teymurov regionlarda yaşayan qadınların və gənc qızların fərdi inkişafına yönəlmiş sosial təşəbbüslərin əhəmiyyətini vurğulayıb, xüsusilə “Güclü cəmiyyətin zərif simaları” layihəsinin qadınların cəmiyyətdə fəal iştirakını təşviq edən mühüm platforma olduğunu qeyd edib. Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Quliyeva, “Regional İnkişaf” İctimai Birliyinin Layihələr və könüllülərlə iş şöbəsinin müdir müavini Gülnarə Həmidova ölkəmizdə həyata keçirilən uğurlu qadın siyasətindən, qadınların səlahiyyətləndirilməsi və öz potensiallarını reallaşdırmaları üçün yaradılan imkanlardan bəhs edib, həmçinin aidiyyəti qurumlar və ictimai birliklər tərəfindən regionlarda yaşayan qadınların, gənc qızların şəxsi inkişafına dəstək olaraq həyata keçirilən sosial layihələrin əhəmiyyətini diqqətə çatdırıblar.
Görüşlər fərqli sahələrdə uğur qazanan qadınların – “Metatesk” şirkətinin təsisçisi Günay İmanzadə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İdman səfiri, Təhsil eksperti Vəfa Musayevanın TEDx formatında çıxışları ilə davam edib. Onlar öz uğur hekayələri və təcrübələrini görüş iştirakçıları ilə bölüşüb, motivasiyaedici söhbət aparıblar.
Qeyd edək ki, layihə regionlarda yaşayan qadınların, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, onların ictimai fəallığını təşviq etmək məqsədilə keçirilir.

