“Süni intellekt və kiçik dövlətlərin strateji seçimləri” mövzusunda UNEC VIII ISCEMR 2026 beynəlxalq elmi konfransı öz işinə başlayıb
21 may 2026
Paylaş
Mayın 21-də Heydər Əliyev Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyi və UNEC-in birgə təşkilatçılığı ilə VIII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR 2026) öz işinə başlayıb.
Heydər Əliyev Mərkəzində təşkil olunan konfrans “Süni intellekt və kiçik dövlətlərin strateji seçimləri” mövzusuna həsr olunub.
Konfrans iştirakçıları rəsmi açılışdan əvvəl fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər, məzarı önünə gül dəstələri düzüblər.
Rəsmi açılışdan öncə tədbir iştirakçıları konfrans çərçivəsində nəşr olunan kitablarla tanış olublar.
Konfransın açılış mərasimində çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov iştirakçıları salamlayaraq, builki mövzunun seçilməsinin müasir dövrdə süni intellektin dövlətlərin inkişaf strategiyasında artan rolundan irəli gəldiyini bildirib: “Bu gün süni intellekt artıq yalnız texnoloji məsələ deyil, həm də iqtisadi inkişaf, insan kapitalı və milli idarəetmə modeli ilə birbaşa bağlı strateji istiqamətdir.”
Rektor ali təhsil müəssisələrinin süni intellekt strategiyalarının icrasındakı roluna diqqət çəkib. Bildirib ki, süni intellekt hazırda təhsilin mərkəzi istiqamətlərindən birinə çevrilsə də universitetlərdə süni intellektin təhsilə inteqrasiyası, multidissiplinar proqramların genişləndirilməsi və rəqəmsal alətlərin tətbiqi hələ yetərli səviyyədə deyil. Ən önəmlisi isə süni intellekt təhsildə yalnız texniki vasitə və ya “chatbot” kimi deyil, analitik düşüncə, müzakirə, tənqidi yanaşma proseslərini gücləndirən strateji təhsil aləti kimi istifadə olunmalıdır: “Təhsilə yanaşma köklü şəkildə dəyişməli və süni intellekt insan kapitalının inkişafına xidmət edən əsas dayaqlardan birinə çevrilməlidir.” - deyə, rektor bildirib.
Ədalət Muradov kiçik ölkələr üçün süni intellekt strategiyası hazırlanarkən xüsusi diqqət yetirilməli olan məqamları da açıqlayıb: “Birincisi, diqqət texnologiyanın özündən çox, islahatların məntiqinə və idarəetmə yanaşmasına yönəlməlidir. İkincisi, süni intellekt milli mədəniyyətə, dilə və təhsil proqramlarına uyğunlaşdırılmalıdır.
Üçüncüsü, məhdud resurslar nəzərə alınaraq ölkə üçün yalnız 2-3 əsas prioritet istiqamətlər nəzərə alınmalıdır. Dördüncüsü isə, investisiya ilk növbədə, texnologiyalara deyil, müəllimlərin inkişafına və insan kapitalının gücləndirilməsinə yönəldilməlidir.” Rektor həmçinin qeyd edib ki, ana dilində keyfiyyətli məlumat bazalarının və təhsil kontentinin yaradılması artıq strateji zərurətə çevrilib.
Ədalət Muradov UNEC-də elm və təhsilin tamamilə rəqəmsallaşdırıldığını vurğulayaraq, bu istiqamətdə həyata keçiriləcək yenilikləri də diqqətə çatdırıb. O, “Eduman” platformasının yeniləndiyini, “assistant professor” modelinə əsaslanan süni intellekt əsaslı rəqəmsal tyutorlar layihəsinin israilli mütəxəssislər tərəfindən hazırlandığını, həmçinin sentyabr ayından etibarən xarici dillərin tədrisində süni intellekt texnologiyalarının tətbiqinin nəzərdə tutulduğunu bildirib.
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov çıxışında qeyd edib ki, süni intellekt artıq yalnız texnoloji yenilik deyil, həm də dövlətlərin iqtisadi rəqabət qabiliyyəti, idarəetmə səmərəliliyi və milli təhlükəsizliyi üçün strateji amilə çevrilib. O bildirib ki, “AI Stack” yanaşmasına əsasən bu sahədə infrastruktur və böyük modellər səviyyəsində rəqabət kiçik dövlətlər üçün çətin olsa da, tətbiq və adaptasiya mərhələlərində ciddi imkanlar mövcuddur. Nazir müavini bu kontekstdə Azərbaycanın əsas üstünlüyünün çevik idarəetmə, dövlət qurumları, akademik mühit və özəl sektor arasında sürətli koordinasiya və innovasiyaların praktik tətbiqinə hazır institusional mühit olduğunu vurğulayıb: “Qeyd olunan yanaşma beynəlxalq göstəricilərlə də təsdiqlənir. Oxford Insights-ın “AI Readiness Index” (Süni İntellekt Hazırlıq İndeksi) 2025-ci il nəticələrinə əsasən, Azərbaycan bu indeksdə 41 pillə irəliləyərək, 70-ci yerdə qərarlaşmışdır. Bu göstərici ölkənin son illərdə süni intellekt və rəqəmsal transformasiya sahəsinə yönəltdiyi diqqətin və həyata keçirilən uğurlu islahatların nəticəsidir”- deyə o bildirib. R.Həsənob dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən layihələr və onların əhəmiyyətini də diqqətə çatdırıb.
Johns Hopkins və Nanjing universitetlərinin professoru Thomas W.Simon çıxışında süni intellektlə bağlı “xəbərdaredici qeydlər” mövzusuna toxunub. O bildirib ki, “kiçik dövlətlər” anlayışından daha çox “orta səviyyəli dövlətlər” anlayışına üstünlük verir. Professor qeyd edib ki, bu dövlətlər süni intellektdən strateji şəkildə faydalana bilərlər, lakin qlobal “böyük AI” ekosistemindən tam uzaq qalmaq mümkün deyil.
Məlumat idarəedilməsi sahəsində dünya şöhrətli alim, Kanadanın Vaterlo Universitetinin professoru Tamer Özsu isə videomüraciətində süni intellekt ekosisteminin strukturundan danışıb. O, “AI stack” yanaşmasının kiçik dövlətlər üçün daha real və effektiv inkişaf modeli olduğunu deyib. Tamer Özsu vurğulayıb ki, kiçik dövlətlər xüsusilə lokal problemlərin həllinə yönəlmiş texnologiyaların hazırlanmasında uğur qazana bilərlər.
Cənub-Şərq Universitetinin dosenti, Azərbaycan Tədqiqat Mərkəzinin rəhbəri (Çin) Faiq Ağabalayev çıxışında süni intellekt və kiçik dövlətlərin strateji seçimləri mövzusuna toxunub. O qeyd edib ki, müasir dövrdə texnologiya yalnız iqtisadi deyil, həm də geosiyasi amilə çevrilib. Faiq Ağabalayev bildirib ki, kiçik dövlətlərin rəqabət üstünlüyü innovativ düşüncə və çevik idarəetmədədir.
“Regional İnkişaf” İctimai Birliyinin şöbə müdiri Adilə Əliyeva çıxışında təhsilin davamlı inkişafı istiqamətində həyata keçirilən layihələrdən danışıb. O qeyd edib ki, gənclərin rəqəmsal bacarıqlarının inkişafı və innovasiya mühitinin gücləndirilməsi prioritet istiqamətlərdəndir və həyata keçirilən layihələr gənclərin əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiyasına imkan yaradır. A.Əliyeva, həmçinin, UNEC ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən beynəlxalq layihələrin əhəmiyyətini də vurğulayıb.
Tədbir çərçivəsində iki panel təşkil olunub. Birinci panel “Süni intellekt və rəqəmsal iqtisadiyyat: Azərbaycan üçün inkişaf modelləri” mövzusunda olub. “Aqualink” MMC-nin baş direktoru Orxan Mikayılın moderatoru olduğu hibrid formatda keçirilən paneldə 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov, Qazi Universitetinin professoru Mehmet Akif Ocak, Estoniyanın Hökumət üzrə keçmiş data direktoru, Toni Bleyer Qlobal Dəyişiklik İnstitutunun Müştəri əlaqəsi və məlumatların təqdimatı üzrə rəhbəri Dr. Ott Velsberg, Obuda Universitetinin professoru Mosavi Amir, B.P.Poddar İdarəetmə və Texnologiya İnstitutunun nümayəndəsi Dr.Debarati Dey Roy mövzu ilə bağlı maraqlı təqdimatlarla çıxış ediblər və müzakirələr aparıblar.
Orta Doğu Texniki Universiteti (ODTU) tərəfindən keçirilən ikinci panel isə “Təhsildə süni intellekt” mövzusunda həsr olub. ODTU-nun professoru Ömər Delialioğlunun moderatorluğu ilə keçən paneldə İllinoys Universitetinin Siebel Hesablama və Məlumat Elmləri Məktəbinin professoru H.Chad Lane, Qazi Universiteti professoru Hasan Çakır, Atılım Universitetinin dosenti Beytullah Yıldız çıxış ediblər.
Konfransda ABŞ, Kanada, Böyük Britaniya, Fransa, İsveçrə, İspaniya, Polşa, Niderland, Avstriya, Estoniya, Macarıstan, Türkiyə, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, İsrail, Çin və Hindistan da daxil olmaqla, ümumilikdə 18 ölkə təmsil olunur.
3 gün davam edəcək konfrans çərçivəsində 6 onlayn və 4 oflayn vörkşop, 4 oflayn və 26 onlayn, eləcə də 1 hibrid sessiya olmaqla 41 fərqli müzakirə keçiriləcək. Konfransın məqalələri Web of Science bazasında indekslənən Journal of Learning and Teaching in Digital Age elmi jurnalında dərc olunacaq.

