150 +994505000150

Xankəndidə “Dövlət idarəçiliyində innovativ texnologiyalar” mövzusunda səyyar təlim proqramının yekun sessiyası keçirildi

9 may 2026
Paylaş
Xankəndidə “Dövlət idarəçiliyində innovativ texnologiyalar” mövzusunda səyyar təlim proqramının yekun sessiyası keçirildi

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Dövlət idarəçiliyində innovativ texnologiyalar” mövzusunda səyyar təlim proqramının yekun – üçüncü sessiyası 05–06 may 2026-cı il tarixlərində təşkil olunaraq uğurla başa çatdırılmışdır.

Üç mərhələdən ibarət olan proqramın əvvəlki sessiyaları Ağdam və Laçın şəhərlərində keçirilmiş, yekun mərhələ isə Xankəndi şəhərində təşkil olunmuşdur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən “Bərpa, Tikinti və İdarəetmə Xidmətləri”nin əməkdaşlarını əhatə edən proqram dövlət idarəçiliyində müasir idarəetmə yanaşmalarının, rəqəmsal transformasiya alətlərinin və innovativ texnologiyaların tətbiqi istiqamətində institusional bilik və bacarıqların sistemli şəkildə inkişaf etdirilməsinə yönəlmişdir. Bu baxımdan proqram dövlət idarəçiliyi sahəsində insan kapitalının gücləndirilməsi və idarəetmə effektivliyinin artırılması baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
05 may tarixində keçirilən onlayn sessiya çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elm və beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə elmlər doktoru, professor Elvin Əzizbəyov tərəfindən təqdim olunan “Dövlət idarəçiliyində rəqəmsal transformasiya: imkanlar və risklər” mövzusunda təlimdə rəqəmsal transformasiyanın nəzəri əsasları, beynəlxalq təcrübə, tətbiq mexanizmləri və potensial risklər elmi-praktik müstəvidə geniş təhlil edilmişdir.
06 may tarixində Xankəndi şəhərində keçirilən bağlanış mərasimində çıxış edən Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Akademiyanın Elm və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Elvin Əzizbəyov, həmçinin “Regional İnkişaf” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Murad Qasımlı təlim proqramının dövlət idarəçiliyində innovativ yanaşmaların tətbiqi baxımından əhəmiyyətini vurğulamışlar. Çıxışlarda Dövlət İdarəçilik Akademiyasının elmi yanaşmaları ilə “Regional İnkişaf” İctimai Birliyinin praktiki fəaliyyət imkanlarının uzlaşdırılmasının regionlarda davamlı idarəetmə modelinin formalaşmasına töhfə verdiyi bildirilib.
Bağlanış mərasimi çərçivəsində proqramın nəticələrinə dair yekun müzakirələr aparılmış, ümumi qiymətləndirmə həyata keçirilmiş və təlim proqramını uğurla tamamlayan iştirakçılara sertifikatlar təqdim olunmuşdur. Təlim proqramı iştirakçılar tərəfindən yüksək maraqla qarşılanmış və əldə olunan bilik və bacarıqların praktik fəaliyyətdə tətbiqinin əhəmiyyəti xüsusi vurğulanmışdır.

FOTO