150 +994505000150

Mikayıl Xıdırzadənin 115 illik yubileyinə həsr olunmuş riyaziyyat üzrə I fənn olimpiadasının final mərhələsi keçirilib

29 aprel 2026
Paylaş
Mikayıl Xıdırzadənin 115 illik yubileyinə həsr olunmuş riyaziyyat üzrə I fənn  olimpiadasının final mərhələsi keçirilib

Aprelin 24-də “Regional İnkişaf” İctimai Birliyi və Gədəbəy Dayanıqlı İnkişaf Mərkəzinin təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tərəfdaşlığı ilə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin ilk azərbaycanlı dekanı, görkəmli alim Mikayıl Xıdırzadənin 115 illik yubileyinə həsr olunmuş riyaziyyat üzrə I fənn olimpiadasının final mərhələsi keçirilib.

Gədəbəy şəhər İslam Əliyev adına 3 nömrəli fizika, riyaziyyat, informatika təmayüllü liseyində təşkil olunan final mərhələsində məktəbdaxili mərhələnin nəticələrinə əsasən, ən yüksək nəticə göstərən 54 şagird olimpiadada iştirak edib. Bu mərhələdə iştirakçılara 30 qapalı test tapşırığı təqdim olunub.  

Aprelin 25-də isə Gədəbəy Rayon Heydər Əliyev Mərkəzində olimpiadanın rəsmi hissəsi keçirilib. 

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   

Tədbirin açılışında Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin ilk azərbaycanlı dekanı, görkəmli alim Mikayıl Xıdırzadənin həyat fəaliyyəti haqqında videoçarx nümayiş olunub. Ardınca Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Natiq Nağıyev, “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Aydın Budaqov, Gədəbəy Dayanıqlı İnkişaf Mərkəzinin direktor müavini Cavid Əliyev və Mikayıl Xıdırzadənin nəvəsi Fazil Bağırov çıxış ediblər.  

Tədbirin davamında olimpiadanın yekun nəticələrinə əsasən Zəhmət kənd məktəbinin şagirdləri Nərmin Mehdiyeva və Tuncay Həsənzadə müvafiq olaraq 1-ci və 2-ci yerlərə, Çanaqçı kənd məktəbinin şagirdi Orxan Bağırlı isə 3-cü yerə layiq görülərək mükafatlandırılıb.  

Qeyd edək ki, olimpiadanın keçirilməsində əsas məqsəd riyaziyyat fənni üzrə xüsusi istedadı ilə seçilən şagirdlərin aşkar edilməsi, onların potensial imkanlarının inkişaf etdirilməsi, fənnə marağın artırılması və özünə inam hissinin gücləndirilməsi olub.


FOTO