21 mart – Dünya Daun Sindromu Günü ərəfəsində Daş salnamə muzeyində “Çərçivədən kənar” adlı inklüziv incəsənət sərgisi keçirilib
21 mart 2026
Paylaş
Tədbir “SOCAR Midstream Gas Operations” şirkətinin təşəbbüsü və dəstəyi, “DADDI” sosial sahibkarlıq müəssisəsinin təşkilatçılığı, bp, PAŞA Holdinq, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, YARAT Müasir İncəsənət Mərkəzi və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin tərəfdaşlığı ilə baş tutub.
Sərginin məqsədi inklüzivliyi və sosial həmrəyliyi təşviq etmək, daun sindromlu şəxslərin yaradıcılıq imkanlarını nümayiş etdirmək və onların potensialını daha geniş ictimaiyyətə təqdim etmək olub.
Tədbirin rəsmi hissəsində çıxış edən Heydər Əliyev Fondunun nümayəndəsi Şamil Əzizov, “SOCAR Midstream Gas Operations”ın icraçı direktoru Polad Rüstəmov, PAŞA Holdinqin baş icraçı direktorunun müavini Səidə Baxşıyeva, bp AGT Xarici işlər üzrə rəhbəri Günəş Əliyeva, “DADDI Social Enterprise”nin təsisçisi Məhbubə Əliyeva daun sindromlu şəxslərin cəmiyyətə inteqrasiyasının əhəmiyyətini, onların yaradıcılıq potensialının dəstəklənməsinin vacibliyini və bu istiqamətdə müxtəlif qurumlar arasında əməkdaşlığın rolunu vurğulayıblar.
Tədbir çərçivəsində 43 daun sindromlu müəllifin rəsm əsərlərindən ibarət satış-sərgi təşkil olunub. Sərgidə təqdim olunan bütün əsərlər satılıb və əldə olunan vəsait tam şəkildə müəlliflərə təqdim edilib.
Tədbirin bədii hissəsində inklüzivlik mövzusunda məhz bu tədbir üçün bəstələnmiş mahnı gənc ifaçı Əmrah Musayev və daun sindromlu şəxslərin birgə ifasında təqdim olunub. Bundan başqa, daun sindromlu iştirakçıların təqdimatında rəqs və musiqi nömrələri nümayiş etdirilib.
Sərgidə təqdim olunan əsərlər tədbir öncəsi YARAT Müasir İncəsənət Mərkəzində keçirilən iki günlük yaradıcılıq master-klassları çərçivəsində hazırlanıb.

