“Hüquqlarınla parla!” layihəsinin bağlanış tədbiri keçirilib
Fevralın 17-də Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseydə “Hüquqlarınla parla!” layihəsinin bağlanış tədbiri keçirilib.
Tədbir çərçivəsində Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini İlqar Qasımov, “Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının baş katibi Fidan Əhmədova, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Faiq Ağayev və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Səbinə Babazadə çıxış edərək “Hüquqlarınla parla!” layihəsinin uşaqların öz hüquqları barədə məlumatlılığının artırılmasına, onların təhlükəsiz və sağlam mühitdə inkişafına dəstək göstərməsinə, cəmiyyətdə hüquqi maarifləndirmənin genişləndirilməsinə xidmət etdiyini və layihə çərçivəsində əldə olunan nəticələrin gələcək təşəbbüslər üçün mühüm zəmin yaratdığını vurğulayıblar.
Daha sonra “Regional İnkişaf” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Murad Qasımlı təqdimatla çıxış edərək layihə çərçivəsində görülən işlər barədə iştirakçıları məlumatlandırıb.
Tədbirin davamında təlimlərdə yüksək nəticə göstərən məktəblilər, eləcə də həssas kateqoriyadan olan uşaqlar üçün keçirilən keys müsabiqəsində ekspertlərin səsverməsi ilə seçilən qalib komandalar hədiyyə və diplomlarla, iştirak edən məktəblilər isə sertifikatlarla təltif olunub.
Qeyd edək ki, "Hüquqlarınla Parla!" layihəsi Azərbaycan Respublikası Milli Məclisi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, "Regional İnkişaf" İctimai Birliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası təşkilatçılığı, “Nar”ın maliyyə dəstəyi ilə icra olunub.
FOTO

