150 +994505000150

Hacıqabulda “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri ilə görüş keçirilib

26 dekabr 2025
Paylaş
Hacıqabulda “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri ilə görüş keçirilib

Dekabrın 25-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov ilə “Regional İnkişaf” İctimai Birliyinin ölkənin müxtəlif regionlarını təmsil edən könüllülərinin görüşü keçirilib.

Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Görüşdə çıxış edən Anar Ələkbərov “Regional İnkişaf” İctimai Birliyinin fəaliyyəti barədə geniş məlumat verərək, 2025-ci ilin RİİB ailəsi üçün məsuliyyət, fədakarlıq və real nəticələrlə yadda qaldığını bildirib. O qeyd edib ki, sosial, səhiyyə, təhsil və ekologiya sahələrində həyata keçirilən layihələr minlərlə insanın həyatına dəstək və ümid gətirib. Çıxışı zamanı İctimai Birliyin 10 illik fəaliyyət yoluna toxunan Anar Ələkbərov beynəlxalq tədbirlər çərçivəsində təşkilatın rolunu və bu proseslərdə könüllülərin önəmini xüsusi vurğulayıb. O, RİİB könüllülərinin bu gün cəmiyyətin ən etibarlı dayaqlarından biri olduğunu qeyd edərək, gördükləri işlərə görə hər birinə təşəkkürünü bildirib və bu missiyanın gələcək illərdə də eyni əzm və məsuliyyətlə davam etdiriləcəyinə əminliyini ifadə edib. Çıxışda, həmçinin qarşıdakı dövr üçün müəyyənləşdirilən strateji hədəflər və 2026-cı il üzrə fəaliyyət planı diqqətə çatdırılıb.

“Regional İnkişaf” İctimai Birliyinin Mil-Muğan regionu üzrə nümayəndəsi Aqil İsmayılzadə 2025-ci ildə görülən işlərlə bağlı hesabat xarakterli çıxış edib, regionda həyata keçirilən fəaliyyətlər, könüllülərin bu proseslərdə iştirakı və əldə olunan nəticələr barədə məlumat verib.

Daha sonra “Regional İnkişaf” İctimai Birliyinin Mərkəzi Aran regionu üzrə könüllüsü Leyla Əliyeva çıxış edərək könüllülük fəaliyyətinin gənclərin inkişafında əhəmiyyətindən danışıb, həmçinin Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın gənclərə və könüllülərə göstərdiyi diqqət və dəstəyə görə təşəkkürünü ifadə edib.

Görüşün sonunda “Regional İnkişaf” İctimai Birliyinin il ərzində fərqlənən bir qrup könüllüsünə təşəkkürnamələr təqdim olunub.



FOTO