“Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsinin yekun konfransı keçirilib
Dekabrın 15-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, Azərbaycan Respublikası Gənclər Fondu və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsinin yekun konfransı keçirilib.
Konfransda açılış nitqi ilə çıxış edən “Regional
İnkişaf” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin
müdiri vəzifəsini icra edən Murad Qasımlı bildirib
ki, rəqəmsal mühitdə informasiyanın düzgün dəyərləndirilməsi və məsuliyyətli
istifadəsi gənclər üçün mühüm bacarıqlardan biridir. Onun sözlərinə görə, layihə
regionlardan olan gənclərin media savadlılığı üzrə biliklərinin artırılmasına və
onların informasiya mühitində daha məqsədyönlü mövqe tutmasına xidmət
edir.
Medianın İnkişafı Agentliyinin Media dəstək
layihələri və strateji planlaşdırma şöbəsinin müdiri Mehriban Məmmədova qeyd
edib ki, müasir informasiya mühitində etibarlı məlumat məkanının
formalaşdırılması media savadlılığının gücləndirilməsindən keçir. O vurğulayıb
ki, Agentlik gənclərin tənqidi düşünmə və informasiyanı düzgün təhlil etmə
bacarıqlarının inkişafını daim diqqət mərkəzində saxlayır.
Azərbaycan Respublikasının Gənclər
Fondunun Proqram və layihələrin icra olunması şöbəsinin müdiri vəzifəsini icra
edən Bənövşə Qasımova isə gənclərin
informasiya proseslərində fəal iştirakının əhəmiyyətinə toxunaraq bildirib ki,
bu cür təşəbbüslər onların rəqəmsal bacarıqlarının inkişafına, eləcə də
dezinformasiya ilə mübarizədə daha hazırlıqlı olmalarına mühüm töhfə verir.
Tədbir zamanı “Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsi çərçivəsində regionlarda təşkil olunmuş təlimlərdən görüntüləri əks etdirən videoçarx nümayiş etdirilib, regional təlimlərdə iştirak etmiş gəncin çıxışı dinlənilib.
İTV-nin aparıcısı Azər Süleymanlı isə media savadlılığı, informasiya etibarlılığı və jurnalistikanın müasir çağırışları mövzusunda çıxış edərək gənclərlə interaktiv müzakirələr aparıb, gənclərin iştirakı ilə “Etibarlı / Saxta” mövzusunda interaktiv oyun təşkil olunub.
Bakı şəhərindən və regionlardan olan ümumilikdə 100 gəncin iştirak etdiyi konfransda “Media savadlılığı nədir?” mövzusunda qrup işi və təqdimatlar həyata keçirilib.

