“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsinin açılışı olub
Dekabrın 4-də Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Qərbi Azərbaycan İcması, “Regional İnkişaf” İctimai Birliyi, “ASAN Könüllüləri” Təşkilatı və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Quba rayonunda keçirilən “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsinin açılışı olub.
Düşərgə iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli
Lideri Heydər Əliyevin abidəsini və Quba rayon Şəhidlər Xiyabanını ziyarət
ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi
və torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə
ucalan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə
başlanıb.
Quba rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış
edənlər - Quba Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdiri Səidə Abbasova, Gənclər və İdman
Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, Qərbi Azərbaycan
İcması Gənclər Şurası və Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri
Şahin İsmayılov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resurslarının
idarəedilməsi şöbəsinin müdiri Nazilə Hüseynova, Bakı Dövlət Universitetinin
Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov və
“Regional İnkişaf” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya
şöbəsinin müdiri Murad Qasımlı Qərbi Azərbaycana qayıdış ideyasının gənclər
arasında daha dolğun və məqsədyönlü şəkildə təbliğinin tarixi həqiqətlərin
düzgün təqdim edilməsinə, milli kimliyin möhkəmləndirilməsinə və bölgədə baş
verən proseslərlə bağlı obyektiv məlumatların beynəlxalq ictimaiyyətə
çatdırılmasına mühüm töhfə verdiyini, gənclərin bu sahədə dövlətin həyata
keçirdiyi siyasətə fəal dəstək göstərməsinin əhəmiyyətini, həmçinin onların təşəbbüskarlığının
və ictimai fəallığının artırılmasının qarşıya qoyulan hədəflərin
reallaşdırılmasında xüsusi rol oynadığını vurğulayıblar.
Qeyd edək ki, Quba Olimpiya İdman Kompleksində dekabrın 7-dək
davam edəcək gənclər düşərgəsi çərçivəsində mövzu üzrə panel müzakirələr, məlumatlandırıcı
sessiya, intellektual oyun və qrup işləri təşkil ediləcək, həmçinin Qərbi Azərbaycan
həqiqətlərindən bəhs edən film nümayiş olunacaq.
Layihənin məqsədi ölkəmizin müasir tarixinin aktual mövzuları, Qərbi Azərbaycan həqiqətləri ilə bağlı könüllülərin daha geniş məlumatlandırılması və onların proqram əsaslı işinin təşkil edilməsi, həmçinin Azərbaycan həqiqətlərinin yerli və beynəlxalq ictimaiyyət arasında mütəşəkkil yayılmasında könüllülərin fəallığının təşviq olunmasıdır.

