BDU və “Regional İnkişaf” İctimai Birliyi arasında anlaşma memorandumu imzalanıb
Bakı Dövlət Universiteti (BDU) və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Mərasimdə çıxış edən BDU rektoru Elçin Babayev bildirib ki,
Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan "Regional İnkişaf"
İctimai Birliyi ölkəmizin sosial-iqtisadi, ictimai və mədəni həyatında, vətəndaş
cəmiyyəti quruculuğunda, gənclərin şəbəkələşməsində fərqli layihələrə imza
atır. Rektor BDU ilə RİİB-in artıq bir neçə ildir səmərəli əməkdaşlıq etdiyini
diqqətə çatdırıb, imzalanan memorandumun bu əməkdaşlığı daha da gücləndirəcəyinə
əminliyini bildirib. O qeyd edib ki, gənclərin ictimai birliklərə cəlb olunması
onlar üçün motivasiya və təcrübə mənbəyidir. BDU-da çoxsaylı gənclər təşkilatları
fəaliyyət göstərir. Bu təşkilatlar RİİB-in həyata keçirdiyi layihələrin də
aparıcı qüvvəsidir.
RİİB sədri Məhəmməd Abdullayev imzalanan Memorandumun
BDU-nun elmi və intellektual potensialını paytaxt və regionların inkişafı ilə səmərəli
şəkildə əlaqələndirməyə xidmət edəcəyini bildirib. “Inanırıq ki, BDU-nun çağdaş
və elmi imkanları ilə “Regional İnkişaf” İctimai Birliyinin müxtəlif sahələrdə
qazandığı təcrübə birləşdikdə, ölkəmiz üçün əhəmiyyətli faydalar əldə ediləcək.
Bu gün imzalanan Anlaşma Memorandumu qarşılıqlı etimad və əməkdaşlıq prinsipləri
üzərində qurulmuş nümunədir”. M.Abdullayev RİİB-in fəaliyyətində təhsil layihələrinin
xüsusi yer tutduğunu və Birliyin Elm və Təhsil Nazirliyi, eləcə də ölkənin
aparıcı ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq etdiyini qeyd edərək bu günə
qədər Bakı Dövlət Universiteti ilə birgə təşkil olunan müxtəlif tədbirlərdən
danışıb.
Memorandum Universitet və RİİB arasında qarşılıqlı əməkdaşlıq
əlaqələrinin inkişaf etdirilməsi, sosial, iqtisadi, ekoloji, elmi, mədəni, təhsil,
informasiya texnologiyaları və digər sahələrdə birgə layihələrin və təşəbbüslərin
həyata keçirilməsi, gənclərin fərdi inkişafının dəstəklənməsi, ictimai maarifləndirmə
və cəmiyyətin dayanıqlı inkişafına töhfə verilməsi istiqamətində birgə fəaliyyət
göstərilməsini nəzərdə tutur.
Tərəflər memorandum çərçivəsində müasir dövrün çağırışlarına və əmək bazarının tələblərinə uyğun kadr hazırlığı üçün birgə layihə, yarış, elmi konfrans və müsabiqələr, cəmiyyətin inkişafına xidmət edən müxtəlif sosial, ekoloji, mədəni, təhsil, informasiya texnologiyaları və digər istiqamətlərdə təşəbbüslər həyata keçirəcəklər. Tələbələrin şəxsi inkişafı, sosial məsuliyyət hissinin və könüllülük fəaliyyətinin təşviqi üçün könüllü qismində RİİB-in fəaliyyətinə cəlb olunması və onların müxtəlif layihə və tədbirlərdə iştirakının təmin olunması, təhsilalanların İctimai Birlikdə istehsalat təcrübəsi keçmələrinə şəraitin yaradılması da memorandumda əskini tapıb.

