Neftçalada “AZLİNG2025 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” beynəlxalq elmi konfransı keçirilib
15 noyabr 2025-ci il tarixində Neftçala rayon Heydər Əliyev Mərkəzində ənənəvi “AZLİNG2025 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” beynəlxalq elmi konfransı keçirilmişdir. Adıgedən kofrans neftçalalı dilçi alimlərin təşəbbüsü, Heydər Əliyev Fondunun dəstəyi, “Regional İnkişaf” İctimai Birliyi və Neftçala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir. “AZLİNG” silsilə konfransları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdiirilməsi ilə bağlı tədbirlər haqqında“ 1 noyabr 2018-ci il tarixli Fərmanının ruhuna uyğun olaraq keçirilir. Builki konfrans “Konstitusiya və Suverenlik İli“nə həsr olunmuşdur. Konfransda yüzə yaxın alim və gənc tədqiqatçı iştirak etmişdir. AZLİNG2025 konfransında müasir dünya dilçilik elminin inkişafı fonunda Azərbaycan dilinin aktual problemləri müzakirə olunmuşdur. Konfransda Azərbaycanın tanınmış dilçi alimləri ilə bərabər gənc tədqiqatçılar də iştirak ediblər.
Konfransdan
öncə iştirakçılar Neftçala Heydər Əliyev Mərkəzinin önündə ucalan Ümummilli
Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, tər güllər düzmüşlər. Daha sonra
konfrans iştirakçıları konfrans çərçivəsində təşkil olunmuş Azərbaycan Dilçilik
Nailiyyətləri Sərgisiylə tanış olmuşlar. Sərgidə Azərbaycan dilçiliyinin son
nailiyyətlərini əks etdirən kitablar nümayiş olunmuşdur. Sərgi bir həftə
boyunca davam edəcəkdir.
Konfransı
giriş sözü ilə açan Neftçala rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubileyi
zamanı Azərbaycan dilinin saflığının qorunmasının vacibliyini sitat gətirərək
dil və xalqın taleyinin, onun mənliyi və mənəviyyatıyla sıx bağlı olduğunu
bildirmişdir. Konfransın açılış hissəsində fəxri qonaq qismində iştirak edən
Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, “Regional İnkişaf”
İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri
Gülbağda Leysanova, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, AMEA-nın
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, əməkdar elm xadimi
Qəzənfər Paşayev, Xəzər Universitetinin rektoru Raziyə İsayeva, Şirvan-Salyan
Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə çıxış edərək bugünkü
konfransın əhəmiyyətindən söz açaraq vurğulayıblar ki, qloballaşan dünyamızda
doğma dilimizin qorunub saxlanması qarşımızda dayanan ən vacib vəzifələrdən
biridir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyata keçirdiyi
Azərbaycan dili siyasətini bu gün Azərbaycan Respublikası Prezidenti İlham
Əliyev uğurla davam etdirir. Doğma dilimizlə bağlı qəbul olunan müvafiq qərarlar
və irəli sürülən tezislər natiqlər tərəfindən bir daha vurğulanmışdır.
Sonra
konfransın təşəbbüskarları - AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun
dosenti, filologiya elmləri doktoru Qüdsiyyə Qəmbərova “AZLİNG2024 - Azərbaycan
dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” adlı elmi
konfransın materialları əsasında nəşr olunmuş linqvistik toplunun təqdimatını
edərək kitabın uğurlu elmi araşdırmaların davamı kimi Azərbaycan dilçiliyinə dəyərli
töhfəsi kimi qiymətləndirib.
Daha
sonra tədbir Heydər Əliyev Fondunun Çin üzrə nümayəndəsi, Pekin Xarici Dillər
Universitetinin Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə
doktoru Aqşin Əliyevin moderatorluğu ilə davam etdirilib. Aqşin Əliyev AZLİNG
konfranslarının beş illik hesabatını təqdim etdikdən sonra konfransın “Gənc
dilçilər“ forumuna başlayıb. “Gənc
dilçilər“ forumunda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi
işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Əliyeva, Azərbaycan Dillər
Universitetini baş müəllimi, Bakı Dövlət Universitetinin baş müəllimi,
filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov, Bakı Dövlət Universitetinin
doktorantı Simnar Əlizadə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin dil
siyasətinin müasir Azərbaycan dilinə təsiri, Azərbaycan dilçiliyinin son
nailiyyətləri, dilimizin saflığının qorunması yönündə həyata keçirilən
islahatlar haqqında fikirlərini auditoriya ilə bölüşmüşlər. Daha sonra forum
müzakirə formatında işini davam etdirmişdir.
Konfrans
bölmə iclaslarla davam edib. Azərbaycanın müxtəlif ali təhsil və elm
ocaqlarını, eləcə də dünyanın müxtəlif universitetlərini təmsil edən 100-ə
yaxın alim və gənc tədqiqatçı aktual dilçilik mövzuları ilə bağlı ən son tədqiqatlarını
təqdim etmişlər.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib, konfransın materiallarından ibarət xatirə jurnalının tərtib olunması və “AZLİNG” konfransının növbəti il də keçirilməsi qərara alınıb. Qeyd edək ki, konfrans materialları toplu halında nəşr olunacaqdır.

