Bakı Dövlət Universitetində “Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə” adlı tədbir keçirilib
Bakı Dövlət Universiteti (BDU) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə” adlı tədbir keçirilib.
BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr
üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, xalqımız şanlı Zəfərin 5 ilini
böyük qürur hissi ilə qeyd edir. 5 il əvvəl Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmən tapdağında qalan
torpaqlarımızı azad etmək üçün Vətən müharibəsinə başladı. 30 ilə yaxın işğalda
qalan torpaqlarımız azad olundu. Azərbaycan Vətən müharibəsi ilə bütün dünyaya ədalətli
müharibənin necə aparıldığını göstərdi: “Vətən müharibəsinin gedişində Azərbaycan
Ordusu düşmən tərəfindən bir mülki obyektə belə silah tuşlamadı. Vətən müharibəsi
elə bir müharibə idi ki, xalq öz Ordusu və Ali Baş Komandanı ətrafında yumruq
kimi birləşmişdi. Dünyada elə bir dövlət yoxdu ki, müharibədən dərhal sonra
quruculuq işlərinə başlasın. Biz dünyaya sübut elədik ki, döyüşməklə bərabər,
qurub-yaratmağı da bacarırıq. Bu gün gənclərimiz şanlı Zəfəri çox yaxşı təbliğ
edirlər. BDU tələbələri tərəfindən silsilə tədbirlər, Zəfərimizin qəhrəmanları
ilə görüşlər keçirilir. Zəfəri bu qəhrəmanlar qazandı, onu qorumaq və möhkəmləndirmək
isə gənc nəslin üzərinə düşür”.
“Regional İnkişaf” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr
və kommunikasiya şöbəsinin müdiri Murad Qasımlı qurumun Vətən müharibəsi və
ondan sonrakı dövrdə gördüyü işlərdən bəhs edərək, gənclərin milli dəyərlər, vətənpərvərlik
və ictimai məsuliyyət mövzularında məlumatlandırılmasının əhəmiyyətindən
danışıb.
Tədbirin davamında “Qələbəyə doğru atılan addımlarla” adlı
panel müzakirə keçirilib. BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin
müdiri Ramin Səmədovun moderatorluğu ilə keçirilən paneldə Milli Məclisin üzvü
Nizami Səfərov, Vətən Müharibəsi Qəhrəmanı, Xəzər Dəniz Gəmiçiliyinin şöbə rəisinin
müavini Zaur Hüseynov, tarix üzrə elmlər doktoru, professor İradə Hüseynova və
Birinci Qarabağ və Vətən müharibələri iştirakçısı, telejurnalist İlham Tumas Zəfər
Gününün tarixi və mənəvi əhəmiyyətini vurğulayıb, bu Qələbənin xalqımızın milli
birliyi və azadlıq iradəsinin təntənəsi olduğunu, ordumuzun göstərdiyi qəhrəmanlığın
isə gələcək nəsillər üçün nümunə təşkil etdiyini bildiriblər.
Qeyd edək ki, tədbirin məqsədi gənclər arasında vətənpərvərlik ruhunu gücləndirmək, şəhidlərin əziz xatirəsini anmaq, qazilərə hörmət və minnətdarlıq hisslərini təbliğ etmək, həmçinin gənclərin ictimai fəallığını və milli birlik dəyərlərini möhkəmləndirmək olub.

