Paytaxtın Abad məhəllələrində mini futbol yarışları başa çatıb
Bakı Şəhər İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış Şanlı Qələbənin 5-ci ildönümünə həsr olunan “Zəfərindən Güc Al” devizi ilə minifutbol üzrə Bakı şəhər rayonlarını əhatə edən Abad məhəllələrarası mini futbol turnirinə yekun vurulub.
2013-2014-cü il təvəllüdlü yeniyetmələr
arasında keçirilən və 2 mərhələdən - rayon və şəhər mərhələlərindən ibarət olan
futbol yarışmasının əsas məqsədi yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun
gücləndirilməsi, onlarda sağlam həyat tərzinin təşviq edilməsi və idmanla
məşğul olmağa cəlb edilməsidir.
Heydər Əliyev Fondunun Vitse-prezidenti, IDEA
İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə
paytaxtın qəsəbə və yaşayış məntəqələrində həyata keçirilən “Bizim həyət” layihəsi
çərçivəsində yaradılan Abad məhəllələrdəki mini-futbol stadionlarında təşkil
edilən yarışlar olimpiya sistemi üzrə keçirilib və yarışda ümumilikdə 1266
yeniyetmə idmançının yer aldığı 123 komanda iştirak edib.
Turnirin birinci turu oktyabrın 24-nə kimi
paytaxt rayonlarında yekunlaşıb, daha sonra isə rayon turlarının qalibləri Bakı
şəhər mərhələsində yarışıblar.
Respublika səviyyəli hakimlərin iştirakı ilə təşkil
edilən turnirə oktyabrın 31-də final oyunları ilə yekun vurulub. Tədbirin əvvəlində
populyar müğənnilər Çinarə Məlikzadə və İlhamə Qasımova iştirakçılar qarşısında
çıxış ediblər. Rəsmi açılış mərasimindən sonra final oyunu keçirilib.
Final oyununda Yasamal rayonunun komandası ilə
Sabunçu rayonunun komandası görüşüblər. 7-5 hesabı ilə qalib gələn Yasamal
rayonunun komandası turnirin qalibi olub.
Turnirin qalibləri Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Tədbirin sonunda atəşfəşanlıq keçirilib və xatirə şəkli çəkdirilib.

