150 +994505000150

Bakı İqlim Fəaliyyəti Həftəsi 2025 çərçivəsində Dayanıqlı Karyera Yarmarkası keçirilib

4 oktyabr 2025
Paylaş
Bakı İqlim Fəaliyyəti Həftəsi 2025 çərçivəsində Dayanıqlı Karyera Yarmarkası keçirilib

Bakı İqlim Fəaliyyəti Həftəsi 2025 çərçivəsində Dayanıqlı Karyera Yarmarkası keçirilib. Tədbirin açılışında COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova və “Regional İnkişaf" İctimai Birliyinin Layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva iştirakçıları salamlayaraq tədbirin gənclərin inkişafı və dayanıqlı gələcəklə bağlı imkanlar barədə məlumat əldə etmələri baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Ardınca müxtəlif sektorların nümayəndələrinin iştirakı ilə “Dayanıqlı inkişafda insan resurslarının rolu və yeni tələblər” mövzusunda panel müzakirəsi keçirilib. Paneldə “Holcim Azərbaycan”, “Azərbaycan-Fransa Ticarət Palatası”, “AZAL” və “Azerconnect Group”un nümayəndələri qlobal və yerli tendensiyalar, gənclərin bilik və bacarıqlarının artırılması, eləcə də yeni iş imkanları barədə fikirlərini bölüşüblər.
Yarmarkanın əsas hissəsində tələbələr şirkətlərin karyera masaları və guşələrində müxtəlif qurumların mütəxəssisləri ilə birbaşa ünsiyyət quraraq təcrübə və iş imkanları barədə məlumat alıblar. Onlara CV təqdim etmək, məsləhət almaq, həmçinin mentorluq və praktiki təcrübə imkanlarından yararlanmaq şəraiti yaradılıb. Yarmarkada “Regional İnkişaf” İctimai Birliyi də təmsil olunub.
Qeyd edək ki, tədbirin məqsədi gəncləri dayanıqlılıq və iqlim dəyişikliyi sahəsində mövcud karyera imkanları ilə tanış etmək, onları bu istiqamətdə təhsil və peşə seçimlərinə təşviq etmək olub.