Bakı İqlim Fəaliyyəti Həftəsi 2025 çərçivəsində “Dayanıqlı Expo: Planet üçün İncəsənət və İnnovasiya” tədbiri keçirilib
3 oktyabr 2025
Paylaş

Bakı İqlim Fəaliyyəti Həftəsi 2025 çərçivəsində Heydər Əliyev Mərkəzində “Dayanıqlı Expo: Planet üçün İncəsənət və İnnovasiya” tədbiri keçirilib. Tədbirdə gənclərin iqlim məsələlərinə dair töhfələri həm rəsm əsərləri, həm də dayanıqlı startap layihələri vasitəsilə təqdim olunub. Ümumilikdə 24 rəsm əsəri nümayiş etdirilib, müxtəlif universitetləri – Bakı Ali Neft Məktəbi, ADA Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Qarabağ Universiteti – və Aqrar İnnovasiya Mərkəzini təmsil edən 15 komanda startap layihələrini təqdim edib.
Tədbirin açılış hissəsində COP29-un Prezidenti və Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu və Milli Məclisin deputatı Nigar Arpadarai, COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova, həmçinin “Regional İnkişaf” İctimai Birliyinin Layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva çıxış edərək gənclərin iqlim məsələlərinə dair rəsm əsərləri və startap layihələri vasitəsilə təqdim etdikləri təşəbbüslərin əhəmiyyətini vurğulayıb, iştirakçılara uğurlar arzulayıblar.
Açılışdan sonra incəsənət bölməsinin münsifləri fotoqraf və influenser Orxan Aslanov, rəssam və Solar Art Studio-nun təsisçisi Günel Hüseynova, rəssam və White Studio Gallery-nin təsisçisi Leyla Şirali, multidissiplinar rəssam, Damir Art House və Yaradan Project-in həmtəsisçisi Vüsalə Ağaraziyeva və startap bölməsinin münsifləri isə KOBİA nəzdində Dövlət-özəl tərəfdaşlığının inkişafı mərkəzinin direktoru Anar Salmanov, Özbahçeci Invest Group-un CEO-su Doğan Tomris, SEBRAE-də beynəlxalq əlaqələr üzrə rəhbər Vinisius Lades, Britaniya Aviasiya Qrupunun dayanıqlılıq üzrə rəhbəri Dr. Paul Toyne və Afrika Paktının Prezidenti, BMT-nin “Sıfır Tullantı” Təşəbbüsünün və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Hakima El Haite tərəfindən sərgi və startaplara baxış keçirilib.
Münsiflərin qərarına əsasən rəsm bölməsində “Oyun bitdi” əsəri birinci, “Xəzər” əsəri ikinci, “Balıqlar” əsəri isə üçüncü yerə, startap bölməsində isə EcoBite komandası (Aygün Həsənova) birinci, Yaşılscan komandası (Nəzrin Nurullayeva, Məhəmməd Şərbətov, Əsgər Hüseynov) ikinci, GreenStone komandası (Zərifə Əsədullayeva, Solmaz Mahmudova) isə üçüncü yerə layiq görülüb.
Sonda bütün iştirakçılar sertifikatlarla, qaliblər isə pul mükafatı ilə təltif olunub.
Qeyd edək ki, tədbirin məqsədi yaradıcılıq və innovasiyanı birləşdirərək ideyaları real nəticələrə çevirmək, eləcə də öyrənmək, tanınmaq və təsir yaratmaq üçün gənclərə imkanlar yaratmaqdır.