“Öyrən, xilas et!” layihəsi Gəncə şəhərində başa çatıb.
25 sentyabr 2025
Paylaş

Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Öyrən, xilas et!” layihəsi Gəncə şəhərində başa çatıb.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Açılış mərasimində Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəis müavini polkovnik-leytenant Rauf Abbasov, Gəncə Tibb Kolleci PHŞ-nin direktoru, əməkdar həkimi Mehman Rzayev, “Regional İnkişaf” İctimai Birliyinin bölmə rəhbəri Aydın Budaqov iştirakçıları salamlayaraq, layihənin əhəmiyyəti, məqsəd və hədəfləri barədə ətraflı məlumat veriblər.
Sonra “Öyrən, xilas et!” layihəsi çərçivəsində üç mərhələli praktiki oyunlar təşkil edilib.
Oyunlar odsöndürən balondan istifadə, yanğınsöndürən geyimin geyinilməsi, şərti yanğının söndürülməsi, çadırların qurulması, zərərçəkmişlərin müvəqqəti yerləşdirilməsi, xilasetmə tədbirlərinin həyata keçirilməsi, yaralıların təxliyəsi və ilkin tibbi yardımın göstərilməsi istiqamətlərində keçirilib.
Bağlanış mərasimində Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəisi polkovnik Rövşən Nəbiyev tərəfindən oyunların nəticələri elan olunduqdan sonra qalib komanda kubok ilə, bütün iştirakçılar medal və şəhadətnamə, tədbirin təşkilində dəstək göstərən Fövqəladə Hallar Nazirliyi və Səhiyyə Nazirliyinin əməkdaşları isə təşəkkürnamələr ilə təltif ediliblər. Tədbirin sonunda kollektiv foto çəkilib.